×
A
A
A
Sazlamalar

Orqanik sabun və onun üstünlükləri

Bakı, 14 may, AZƏRTAC

Satışda sabunların müxtəlif çeşidlərinə rast gəlmək olsa da, onların arasında tərkibində kimyəvi əlavələri olmayanın tapmaq çətindir. Mütəxəssislər ev şəraitində hazırlanan orqanik sabunun sağlamlığa daha müsbət təsir etdiyini bildirirlər.
AZƏRTAC xəbər verir ki, həkim-fitoterapevt Fizuli Hüseynov deyib: “Adi sabunun tərkibində onun köpük verməsi üçün xüsusi lourens sulfat maddəsi olur. Təbii sabun gənəgərçək və kokos yağından düzgün proporsiyada istifadə edilməklə alınır. Orqanik sabun süddən, müxtəlif meyvə, tərəvəz və giləmeyvə şirələrindən hazırlanır. Sabun hazırlamaq yaradıcı prosesdir. Fərqli formada, rəngdə və müxtəlif iyli məhsul hazırlamaq olar və onlar satışda olanlardan çox fərqlənir”.
Orqanik sabunlar təbii meyvələrdən istifadə edilərək hazırlanır və dəriyə daha yaxşı təsir edir: Təbii sabun dərini heç vaxt qurutmur, onun istifadəsindən sonra hətta kremə ehtiyac olmur.
Evdə hazırlanan sabun yumşaq alına bilər, çünki tam bişmədiyi və soyumadığı üçün yumşaq qalır. Belə olan halda sabunu qurumaq üçün bir-iki gün soyuducuya qoymaq lazımdır. Qeyd edək ki, sabun isti və soyuq üsulla hazırlanır: “İsti üsulla qələvi hansısa şirə və ya südlə müəyyən temperaturda qarışdırılandan sonra sobaya qoyulur və orada 70-80 dərəcə temperaturda təxminən 3 saat qalır. 8-10 saat sonra onu götürüb doğramaq olar. Soyuq üsulla hazırlanan zaman qələvi ilə yağlar qarışdırılır, formaya yerləşdiriləndən sonra sobaya qoyulmur, 4 və ya 5 həftə sonra ondan istifadə edilir”, - deyə həkim-fitoterapevt bildirib.
Sabunun müalicəvi effekt verməsi üçün efir yağları, qatılaşdırılmış meyvə şirələri və ot dəmləmələri əlavə edilir.

Sağlamlıq klubu 2022-05-14 10:58:00