×
A
A
A
Sazlamalar

ADAU ilə Ege Universiteti arasında ikitərəfli əməkdaşlıq müqaviləsi imzalanıb

Gəncə, 14 may, Elcan Məmmədov, AZƏRTAC
Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) və Türkiyənin Ege Universiteti arasında həyata keçirilən beynəlxalq ikili diplom proqramının rəhbər komitəsinin növbəti iclası olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, iclasda birgə əməkdaşlığın qiymətləndirilməsi, karyera planlanması üzrə görüləcək işlər və gündəlikdə duran digər məsələlər müzakirə edilib.
Tədbirdə ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov, Ege Universitetinin rektoru, professor Necdet Budak, təhsil nazirinin müşaviri Nicat Məmmədli, Kənd Təsərrüfatı Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Emin Əliyev, Ege Universiteti Kənd təsərrüfatı fakültəsinin dekanı Banu Yücel, “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliyinin artırılması üzrə Dövlət Proqramı”nın idarəetmə qrupunun rəhbəri Turan Topalova, Təhsil Nazirliyinin baş məsləhətçisi Vüsalə Qurbanova, ADAU-nun tədris işləri üzrə prorektoru, dosent Anar Hətəmov və digər əlaqəli şəxslər iştirak ediblər.
Çıxış edən İ.Cəfərov və N.Budak proqramın icrasını yüksək qiymətləndirərək, gələcək əməkdaşlıq imkanlarını və perspektivləri müzakirə ediblər. Bildirilib ki, hər iki universitetin professor-müəllim heyətinin və tədqiqatçılarının elmi-tədqiqat və mədəni əlaqələrinin inkişaf etdirilməsi gələcəkdə müsbət nəticələr verəcək.
Təhsil nazirinin müşaviri Nicat Məmmədli və Kənd Təsərrüfatı Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Emin Əliyev ikili diplom proqramının icrası haqqında müsbət fikirlər səsləndirərək təkliflərini diqqətə çatdırıblar.
Ege Universiteti Kənd təsərrüfatı fakültəsinin dekanı Banu Yücel tədbir iştirakçılarına ikili diplom proqramında görülən işlər barədə ümumi məlumat verib.
Sonda ADAU-nun rektoru İbrahim Cəfərov və Ege Universitetinin rektoru Necdet Budak ikitərəfli əməkdaşlıq müqaviləsini imzalayıblar.
Müqavilənin məqsədi qarşılıqlı elmi tədqiqat işlərinin aparılması, tələbə mübadiləsi və akademik məlumatların, nəşrlərin birgə mübadiləsinin təşviq etməkdir.

Regionlar 2022-05-14 10:39:00