×
A
A
A
Sazlamalar

Bakı metropolitenində qatar maşinisti və platforma növbətçisi peşələri üzrə növbəti kurslar başlanıb

Bakı, 13 may, AZƏRTAC

Bakı metropolitenində qatar maşinisti və platforma növbətçisi peşələri üzrə növbəti kurslar başlanıb.
AZƏRTAC xəbər verir ki, budəfəki təlimləri əvvəlkilərdən fərqli edən bir cəhət xüsusi seçilir. İlk dəfədir, təlimlər Bakı Peşə Hazırlığı Mərkəzinin birbaşa iştirakı ilə təşkil edilir.
Bu layihə cari il fevral ayının 23-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Bakı Peşə Hazırlığı Mərkəzi ilə bağlanmış müqaviləyə uyğun olaraq həyata keçirilir. Məşğulluğa dəstək, əhalinin işlə təmin olunması istiqamətində əhəmiyyətli layihələr həyata keçirən Peşə Hazırlığı Mərkəzi bu kursların tədris proqramının, təlimlərin aparılmasında yaxından iştirak edir. Ən mühüm məsələlərdən biri isə təlimçilərin əməyinin qiymətləndirilməsi və müdavimlərə təqaüdlərin verilməsidir.
Maşinistlərin seçim prosesi üç mərhələdə təşkil edilib. Verilmiş elana uyğun olaraq, 209 müraciətə baxılıb. Onlardan yalnız 70-i müsabiqənin birinci mərhələsinə uyğun gəlib. Bu mərhələni 28 nəfər məqbul nəticə ilə keçərək, kadr komissiyasına və psixologiya müsahibəsinə cəlb edilib. Tibbi yoxlamadan keçmiş 10 müdavim 7 aya yaxın davam edəcək nəzəri təlimlərə cəlb olunub.
Nəzəri bilikləri tam mənimsəyənlər praktiki təlimlərə qoşulacaqlar. Bütün təlimlərin yekununda müdavimlər kadr komissiyasında imtahan verəcəklər. Normativ tələblərə uyğun olaraq, qatarı tək idarə etmək və ya maşinist peşəsinə yiyələnmək üçün təcrübəçi kimi yürüşləri uğurla başa vurmaq lazımdır.
Platforma növbətçisi peşəsi üzrə seçimlərdə 314 elektron ərizədən 194-ü tələblərə tam uyğun olduğundan müsabiqəyə çağırılıblar. Dəvəti qəbul edən 130 nəfər Bakı metropoliteni ilə bağlı ibtidai biliklər və məntiq testinə cəlb ediliblər. Müvafiq qiymətləndirmədə ən yüksək bal toplamış 15 nəfər ikinci mərhələyə buraxılıb. 2 nəfər qeyri-müəyyən səbəbdən bu mərhələyə gəlməyib. 13 nəfər kadr komissiyasını uğurla keçib, lakin iki nəfər kursa qatılmaqdan imtina edib.
Bakı Peşə Hazırlığı Mərkəzi ilə birlikdə başlanmış təlimlər nəzəri və praktiki olmaqla iki ay davam edir. Kadr komissiyasının imtahanından uğurla keçənlər platforma növbətçisi peşəsinə yiyələnərək metropoliten stansiyalarında vəzifələrinin icrasına başlayacaqlar.

Nəqliyyat 2022-05-13 11:37:00