×
A
A
A
Sazlamalar

Azərbaycan hava limanlarında sərnişin axını təxminən bir milyon nəfərə çatıb

Bakı, 13 may, AZƏRTAC

Azərbaycanın beynəlxalq hava limanları ilin əvvəlindən ümumilikdə 900 minə yaxın sərnişinə xidmət göstərib. Bu, 2021-ci ilin eyni dövrü ilə müqayisədə təxminən iki dəfə çoxdur.
Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, cari ilin aprel ayında sərnişin axını 247,5 min nəfər təşkil edib və onların 197 min nəfəri paytaxt hava limanı vasitəsilə uçan və ya gələn sərnişinlərin payına düşür.
Bakı hava limanının əsas aviadaşıyıcıları olan “Azərbaycan Hava Yolları” və “Buta Airways” aviaşirkətləri - müvafiq olaraq 350 və 114 min sərnişin daşıyıb ki, bu da ümumilikdə xidmət göstərilən sərnişinlərin ümumi payının 51 faizini təşkil edir.
Bu ilin aprel ayında 23 xarici aviaşirkət Bakı hava limanına müntəzəm uçuşlar həyata keçirib. Aviadaşıyıcıların sayının azalması Rusiya aviaşirkətlərinin Azərbaycana uçuşlar həyata keçirməsinin dayandırılması ilə bağlıdır.
Aprel ayında Bakıdan ən populyar istiqamətlər onluğuna İstanbul, Moskva, Dubay, Tbilisi, Minsk, Ankara, İzmir, Frankfurt, Əbu-Dabi və Aktau şəhərləri daxil olublar.
Heydər Əliyev Beynəlxalq Aeroportu (IATA: GYD) sərnişin və yük daşımalarının həcmi, uçuş-enmə əməliyyatları, aerovağzal kompleksinin sahəsi və yük kompleksinin buraxılış gücünə görə Azərbaycanın və regionun ən böyük hava limanıdır.
Ötən ildə Heydər Əliyev Beynəlxalq Aeroportu “Skytrax” beynəlxalq hava nəqliyyatı reytinq agentliyi tərəfindən hava limanları üçün COVID-19 pandemiyası dövründə epidemioloji təhlükəsizlik üzrə “5 ulduz” reytinqinə layiq görülüb.
Bu, sərnişinlərini və əməkdaşlarını koronavirus infeksiyasının yayılmasından qorumaq üçün Heydər Əliyev Beynəlxalq Aeroportunda tətbiq olunan COVID-19 tədbirlərinin səmərəliliyinin ən yüksək qiymətləndirilməsidir.

Nəqliyyat 2022-05-13 11:18:00