×
A
A
A
Sazlamalar

Azərbaycanın müdafiə naziri Türkiyə Respublikasının Milli Təhlükəsizlik Şurasının Baş katibi ilə görüşüb

Bakı, 12 may, AZƏRTAC

Mayın 12-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının Milli Təhlükəsizlik Şurasının Baş katibi Seyfullah Hacımüftüoğlunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qonaqları salamlayan müdafiə naziri dövlət başçılarının qardaşlıq və dostluq münasibətlərinin hər iki ölkə arasında əməkdaşlığa böyük töhfə verdiyini xüsusi vurğulayıb.
General-polkovnik Z.Həsənov ölkələrimiz arasında digər istiqamətlərdə olduğu kimi hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində də əlaqələrin yüksək səviyyədə olmasından məmnunluğunu bildirib. Müdafiə naziri bu münasibətlərin regionda sülhün, təhlükəsizliyin və əmin-amanlığın möhkəmlənməsinə xidmət etdiyini deyib.
Səmimi görüşə görə təşəkkürünü bildirən S.Hacımüftüoğlu qarşılıqlı əlaqələrin bundan sonra da inkişaf etdirilməsinin vacibliyini qeyd edib.
Görüşdə Azərbaycan-Türkiyə əməkdaşlığının inkişaf perspektivləri, habelə maraq doğuran bir sıra məsələlər barədə fikir mübadiləsi aparılıb.

Ordu 2022-05-12 18:33:00