×
A
A
A
Sazlamalar

İtaliyadakı Azərbaycan diasporu iki dost ölkə arasındakı münasibətlərin inkişafına xidmət edən daha bir körpüdür

Roma, 12 may, AZƏRTAC
Dünyanın müxtəlif guşələrindəki azərbaycanlılar yaşadıqları ölkələrdə gücləndikcə, inkişaf etdikcə, Vətənlə əlaqələri sıx olduqca onların Azərbaycana, Azərbaycanın onlara dayaq durmaq imkanları da qat-qat artır.
AZƏRTAC xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı, Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının üzvü, akademik Rafael Hüseynov İtaliyadakı həmvətənlərimizlə görüşdə deyib.
İtaliyada daimi yaşayan və təhsil alan azərbaycanlıların bir qrupu ilə səmimi fikir mübadilələri əsnasında deputat R.Hüseynov bildirib ki, bir zamanlar dünya boyu səpələnmiş soydaşlarımızın arasında əlaqələr nisbətən zəif idisə də, müstəqillik dönəmində, xüsusilə son 20 ildə bu istiqamətdə ciddi irəliləyişlər olub, xarici ölkələrdəki soydaşlarımızın təşkilatlanması səmtində əhəmiyyətli uğurlar qazanılıb. Elə bircə hər ilin fevralında dünyanın onlarca ölkəsində və böyük şəhərlərində keçirilən, getdikcə də daha artıq vüsət alan “Xocalıya ədalət!” yürüş və mitinqləri Azərbaycan diasporunun necə yekdil bir qüvvəyə çevrilməsinin bariz nümunəsidir.
Bu gün müasir dünyada səsi eşidilən, imzası tanınan, nüfuzu artan, tədricən daha artıq birliyə nail olan Azərbaycan diasporunun da mahiyyət etibarilə ümummilli lider Heydər Əliyevin gərgin fəaliyyətləri ilə bağlı olmasına diqqət yönəldən R.Hüseynov deyib: “Tale elə gətirdi ki, unudulmaz Heydər Əliyevin Böyük Qayıdışından, müstəqil Azərbaycan Respublikasına rəhbərlik etməyə başladığı ilk illərdən mənə o böyük şəxsiyyəti bir çox xarici səfərlərində müşayiət etmək nəsib oldu. Canlı şahidəm ki, Ulu Öndər həmin səfərlər əsnasında işləri nə qədər çox, vaxtı nə qədər az olsa da, həmişə gəldiyi ölkələrdə yaşayan və Azərbaycandan olan insanları toplayır, onlarla müfəssəl söhbətlər aparır, onlara sahib çıxmağa hər an hazır olan, onların da iftixar etməli olduqları doğma və azad dövlətlərinin varlığı həqiqətini dilə gətirirdi. Müdrik millət və dövlət rəhbəri öz qüdrətli cazibəsi ilə xaricdəki azərbaycanlıların müxtəlif nəsillərini bir-birlərinə yaxınlaşdırır, onları ortaq Vətən ideyası ətrafında daha möhkəm qovuşmağa yönəldirdi. Bütün bu səyləri ilə əslində Ulu Öndər müasir və güclü Azərbaycan diasporunun təməlini qoyurdu. Çox keçmədən o, xaricdə yaşayan soydaşlarımızın Vətəndəki başlıca ünvanı olacaq ayrıca dövlət komitəsinin yaranması haqda da Sərəncam imzaladı, tarixdə ilk dəfə Bakıda dünya azərbaycanlılarının qurultayını da keçirdi”.
İtaliyada yaşayan azərbaycanlıların ölkənin ictimai-siyasi, mədəni həyatında yaxından iştirak etməsindən məmnunluğunu ifadə edən akademik R.Hüseynov aprel günlərində qalib Vətənimizin azad Şuşada təşkil etdiyi dünya azərbaycanlılarının Zəfər Qurultayından da bəhs edərək həmin möhtəşəm tədbirdə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin 60-dan artıq xarici ölkədən gəlmiş həmvətənimiz qarşısında qürurla bəyan etdiyi sözlərini yada saldı: “Zəfər adı xalqımıza çox yaraşır. Siz buraya Zəfər yolu ilə gəlmisiniz, qurultayın adı Zəfər Qurultayıdır. Bundan sonra Azərbaycan xalqı müzəffər xalq kimi əbədi yaşayacaq, bundan sonra bizim dövlətimiz qalib dövlət kimi yaşayacaq. Bu, böyük xoşbəxtlikdir - hamımız üçün, Azərbaycanda yaşayanlar, Azərbaycan vətəndaşları üçün, xaricdə yaşayan azərbaycanlılar üçün”.
Görüşdə bu inam da ifadə edildi ki, İtaliyada yaşayan azərbaycanlılar diplomatik münasibətlərimizin 30 ili tamam olan bu dost ölkə ilə ən müxtəlif istiqamətlərdə əlaqələrimizin intensivləşdirilməsi və daha da səmərəli olmasına töhfələr verə biləcək ən mötəbər körpülərdəndir.
Daha sonra akademik R.Hüseynov İtaliyada yaşayıb-işləyən soydaşlarımızı maraqlandıran bir sıra sualları cavablandırıb, Diasporla İş üzrə Dövlət Komitəsinin xətti ilə gələcəkdə də bu qəbil təmaslar və görüşlərin davam etdirilməsinin vacibliyini vurğulayıb.

Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma

Diaspor 2022-05-12 12:12:00