×
A
A
A
Sazlamalar

Avropa Karate Federasiyası icraiyyə komitəsinin onlayn formatda növbəti yığıncağı keçirilib

Bakı, 11 may, AZƏRTAC

Avropa Karate Federasiyasının (EKF) İcraiyyə Komitəsinin onlayn formatda növbəti görüşü keçirilib.
Azərbaycan Milli Karate Federasiyasının (AMKF) mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, AMKF-nin prezidenti olan EKF-in İcraiyyə Komitəsinin üzvü Yaşar Bəşirov da yığıncaqda iştirak edib. EKF-in prezidenti Antonio Espinos bu ilin tədbir və yarışları barədə danışıb. O xatırladıb ki, Ukraynada bu mövsümün Moskvada nəzərdə tutulan son Karate1 Premyer Liqa mərhələsi keçirilməyəcək. Yarışın hər hansı digər şəhərdə keçiriləcəyi hələ müəyyənləşməyib və belə mötəbər turnirə hazırlıq vaxt azlığı baxımından çətin olacağından, yarışın təxirə salınması ehtimalı var. Bu halda sentyabrda Bakıda keçiriləcək Karate1 Premyer Liqa turniri mövsümün son nüfuzlu yarışı ola bilər.
A.Espinos Azərbaycanın Bakıda 2015-ci ildə birinci Avropa Oyunlarını, 2017-ci ildə isə İslam Həmrəyliyi Oyunlarını yüksək səviyyədə təşkil etdiyindən, Premyer Liqa kimi mötəbər yarışı da uğurla keçirəcəyinə inandığını bildirib.
Yarışa hazırlıqla bağlı danışan Yaşar Bəşirov gələn il Karate1 Premyer Liqa turnirini ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr edilməsi təklifini verib. A.Espinos təkliflə bağlı rəhbərlik etdiyi beynəlxalq təşkilatın müvafiq məsul şəxsləri ilə bu barədə müzakirələr aparılacağını deyib.
Qeyd edək ki, Bakıda sentyabrın 2-4-də planlaşdırılan Karate1 Premyer Liqa turnirinin Milli Gimnastika Arenasında keçiriləcəyi nəzərdə tutulsa da, həmin tarixlərdə arenada yarış olduğu bildirilib. Hazırda bu məsul yarışın keçiriləcəyi yer barədə məsələ açıq qalır. Dünya Karate Federasiyasının Karate1 Premyer Liqa yarışlarında 80-dək ölkədən 400-dək idmançı və müxtəlif dövlətlərdən 100-dən çox beynəlxalq hakim iştirak etdiyindən, Azərbaycan Milli Karate Federasiyası təşkilati işlərin yüksək səviyyədə olmasına xüsusi önəm verir.

 

İdman 2022-05-11 14:55:00