×
A
A
A
Sazlamalar

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş taekvondo üzrə açıq Bakı birinciliyi keçirilib

Bakı, 11 may, AZƏRTAC
Azərbaycan Taekvondo Federasiyası (ATF) və Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin (BŞGİBİ) birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş açıq paytaxt birinciliyi keçirilib.
Federasiyadan AZƏRTAC-a bildiriblər ki, yarışın açılış mərasimində BŞGİBİ-nin rəisi Raqif Abbasov bildirib ki, Ümummilli Liderin Azərbaycanın və idmanımızın dünyada tanıdılmasında əvəzsiz rolu olub. Taekvondonun ölkəmizdə yüksələn xətlə inkişaf etdiyini vurğulayan natiq bunun sayəsində Avropa, dünya və Olimpiya mükafatçılarımızın yetişdiyini xatırladıb.
ATF-nin vitse-prezidenti Niyaməddin Paşayev isə açılış mərasiminə Ümumdünya Taekvondo Federasiyasının nümayəndələrinin qatılmasına diqqət çəkib. O vurğulayıb ki, məhz ümummilli lider Heydər Əliyevin idmana göstərdiyi diqqət və qayğısı nəticəsində Azərbaycan idmanı yüksək səviyyəyə çatıb və beynəlxalq yarışların təşkili ölkəmizə həvalə edilir.
Daha sonra turnir açıq elan edilib.
Turnirə respublikamızda fəaliyyət göstərən 60-dək klub və bölmədən 600-dək idmançı qatılıb. Birinciliyin yekun nəticələrinə görə, Sumqayıt “Təhsil” RİM komanda hesabında birinci yeri tutub. İkinci pillədə 6 nömrəli İOEUGİM, üçüncü yerdə isə “Xəzər” klubu qərarlaşıb.
Yarışda oğlanlar arasında "Atilla" taekvondo klubunun üzvü Məhəmməd Həsənli, qızlar arasında isə “Xəzər”in təmsilçisi Zemfira Həsənzadə “Ən yaxşı idmançı” adına layiq görülüblər.
Hakimlərdən isə Dilarə Həsənova və Xəzər Həsənov döyüşləri ədalətlə idarə etdiklərinə görə “Ən yaxşı hakim” seçiliblər.

 

İdman 2022-05-11 11:56:00