×
A
A
A
Sazlamalar

Ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə FHN-in Mülki müdafiə qoşunlarında futbol yarışı keçirilib

Bakı, 10 may, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyinin (FHN) Mülki müdafiə qoşunlarının hərbi hissələrinin komandalarının iştirakı ilə ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə hərbi qulluqçular arasında futbol üzrə birincilik keçirilib.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, birincilikdə hərbi hissələrdə xidmət edən hərbi qulluqçulardan ibarət futbol komandaları iştirak edib. Mülki müdafiə qoşunlarının komandanlığının döyüş hazırlığı idarəsinin zabitlərindən ibarət hakimlərin idarəçiliyi ilə keçirilən çempionatda 2 qrup üzrə 8 komanda mübarizə aparıb.
Gərgin və maraqlı mübarizə şəraitində keçən yarışın final oyunu “Qəbələ” və “Lənkəran” komandaları arasında olub. Yekunda “Lənkəran” futbol komandası 3:2 hesabı ilə qalib gələrək yarışın qalibi titulunu qazanıb. “Qəbələ” komandası ikinci, “Səngəçal” komandası isə üçüncü yerlə kifayətlənməli olub.
Sonda ilk yerləri tutan komandalara müvafiq olaraq kubok, medal və diplomlar təqdim edilib. Eyni zamanda, oyunu idarə edən hakimlər də mükafatlandırılıb.

İdman 2022-05-10 19:12:00