×
A
A
A
Sazlamalar

Məktəblilər arasında velosiped yarışının qalibi müəyyənləşib

Bakı, 10 may, AZƏRTAC

Mayın 10-da Respublika Velotrekində ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş məktəblilər arasında velosiped yarışı keçirilib. Azərbaycan Velosiped Federasiyasının (AVF) təşkilatçılığı, Azərbaycan Respublikasının Təhsil Nazirliyinin dəstəyi ilə baş tutan yarışda Bakını təmsil edən 8 orta məktəbdən ümumilikdə 160 şagird iştirak edib.
Federasiyadan AZƏRTAC-a bildiriblər ki, reqlamentə əsasən, hər məktəb 6-9-cu sinif şagirdlərindən ibarət olan 4 komanda ilə təmsil olunub. Komandaların tərkibi isə 3 oğlan və 2 qız velosipedçidən ibarət olub.
Yarışdan əvvəl AVF-in və Təhsil Nazirliyinin nümayəndələri çıxış edərək müasir, müstəqil Azərbaycanın qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin dövlətimiz üçün gördüyü misilsiz işlərdən, onun idmana və idmançılara göstərdiyi xüsusi diqqətdən danışıblar. Ölkəmizdə velosiped idmanının sevildiyi və bu idman növünün zaman keçdikcə daha da inkişaf etdiyi vurğulanıb.
Daha sonra yarışın baş hakimi qaydalarla bağlı iştirakçılara məlumat verib və təhlükəsizlik tədbirlərinə əməl etməyin vacibliyini diqqətə çatdırıb.
Yarışın qalibi Xətai rayonu 245 nömrəli orta məktəbin komandası olub. Qaliblərə fəxri fərman, diplom və qiymətli hədiyyələr təqdim edilib, həmçinin digər komanda üzvlərinə həvəsləndirici sertifikatlar verilib.
Yarışın təşkilində məqsəd ümummilli lider Heydər Əliyevin xatirəsini yad etmək, Ulu Öndərin irsini təbliğ etmək, velosiped idmanının ölkəmizdə daha da kütləviləşməsinə dəstək olmaq, məktəblilərdə bu idman növünə həvəs yaratmaqdır.
Qeyd edək ki, AVF-in nümayəndələri mütəmadi olaraq Bakının müxtəlif rayonlarının məktəblərində şagirdlərlə maarifləndirici söhbətlər aparır, onlara bu idman növü haqda ətraflı məlumatlar verir, məktəbdaxili yarışlar təşkil edirlər.

İdman 2022-05-10 18:34:00