×
A
A
A
Sazlamalar

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə qol güləşi yarışı keçirilib

Bakı, 10 may, AZƏRTAC

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində Azərbaycan Qol Güləşi Federasiyasının təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə yarış keçirilib.
Federasiyanın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, yarışa Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə start verilib.
Sonra xalqımızın ümummilli lideri Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Penitensiar Xidmətin Kadrlar idarəsinin rəisi ədliyyə polkovniki Əflatun Məmmədov ümummilli lider Heydər Əliyevin xalqımız qarşısında misilsiz tarixi xidmətlərindən, şərəfli ömür yolundan və məharətli dövlətçilik təcrübəsindən bəhs edib, yarışın əhəmiyyətini yüksək qiymətləndirib.
Müstəqil Azərbaycanın ümummilli lider Heydər Əliyev tərəfindən qurulduğunu və bizlərə miras qaldığını bildirən Azərbaycan Qol Güləşi Federasiyasının prezidenti Cəsarət Əhmədov deyib: “Ulu Öndər 1993-cü ildə hakimiyyətə gəlməsəydi, bu gün güclü və qüdrətli Azərbaycan dövləti olmazdı. 44 günlük Vətən müharibəsi xalqımızın və ordumuzun cəsarətini və dövlətə sədaqətini bir daha nümayiş etdirdi. Xalq və ordu Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək torpaqlarımızı işğaldan azad etdi”.
Federasiya rəsmisi dəstəyə görə, Penitensiar Xidmətin rəisi ədliyyə general-leytenantı Ceyhun Həsənova minnətdarlığını bildirib, gələcəkdə belə yarışların cəzaçəkmə müəssisələrində keçirilməsinin məqsədəuyğun olduğunu deyib.
Gərgin idman mübarizəsi şəraitində keçən yarışda Raci Göyüşov (80 kq), Emin Mənsimov (90 kq) və Fazil Əliyev (90 kq-dan yuxarı) qızıl medal qazanıblar.

İdman 2022-05-10 17:53:00