×
A
A
A
Sazlamalar

“Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası “Orta dəhliz”in cəlbediciliyini artırır

Bakı, 10 may, AZƏRTAC

“Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu” (BTNM) Beynəlxalq Assosiasiyası Hüquqi Şəxslər Birliyi Türkiyə üçün çox əhəmiyyətlidir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri mayın 10-da Türkiyənin paytaxtı Ankarada keçirilən “Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu” (BTNM) Beynəlxalq Assosiasiyası Hüquqi Şəxslər Birliyinin Rəyasət Heyətinin və təşkilatın ümumi yığıncağının açılış mərasimində Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu deyib.
Nazir bildirib ki, Hüquqi Şəxslər Birliyi verdiyi qərarlar və gördüyü işlərlə Transxəzər bölgəsində ticarəti asanlaşdırır, yükdaşımaları və “Orta dəhliz”in cəlbediciliyini artırır. Üzv ölkələr arasında yükdaşımalarında ortaq tarifin yaradılması, dəhlizdən keçən tranzit yüklərin həcminin artırılması ilə bərabər, həmçinin məhsul çeşidliliyinin təmini də çox mühümdür. Yük qatarlarının sərhəddən keçidinin asanlaşdırılması üçün Avtomatlaşdırılmış İnteqrasiya Sisteminin tətbiqi də vacib hesab edilir.
“COVID-19 pandemiyası zamanı dəmir yolu ilə daşımaların əhəmiyyəti bir daha sübut olundu. Dünya ticarətində dəmir yoluna marağın artdığını müşahidə edirik. Türkiyədə də yükdaşımaları ilə bağlı dəmir yolundan istifadə artır. 2020-ci ildə dəmir yolu ilə yükdaşımaların həcmini 10 faiz artırdıq. Belə ki, bu rəqəm keçən il 35 milyon tondan 38 milyon tona çatıb. Xüsusilə beynəlxalq yükdaşımalarında ötən il 24 faiz artım olub. Məqsəd yükdaşımanın həcmini daha da artırmaqdır. Bununla əlaqədar olaraq 26 logistika mərkəzində, ümumilikdə 19 milyon kvadratmetr ərazidə 73,2 milyon tonluq yükdaşıma imkanı yaratmağı planlayırıq”, - deyə Adil Karaismailoğlu vurğulayıb.
Qeyd edək ki, toplantıda “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) sədri Rauf Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti, “Azərbaycan Dəmir Yolları” QSC-nin rəhbəri Cavid Qurbanov, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin Strateji planlama və inkişaf departamentinin müdiri Xudayar Həsənli, Satış və marketinq departamentinin müdiri Anar İbrahimov iştirak edir.

 

Nəqliyyat 2022-05-10 14:59:00