×
A
A
A
Sazlamalar

Ankarada “Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyasının növbəti toplantısı başlayıb

Ankara, 10 may, AZƏRTAC

Türkiyənin paytaxtı Ankarada “Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası Hüquqi Şəxslər Birliyinin Rəyasət Heyətinin və təşkilatın ümumi yığıncağının növbəti toplantısı işinə başlayıb.
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-dən (ASCO) AZƏRTAC-a bildirilib ki, toplantıdan öncə Beynəlxalq Assosiasiyaya üzv ölkələrin dəmiryolu, liman administrasiyası, gəmi və nəqliyyat-logistika şirkətlərinin rəhbərləri Ankarada xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət ediblər. Ulu Öndərin abidəsi önünə gül dəstələri düzülüb, dünya şöhrətli siyasətçinin əziz və unudulmaz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dahi şəxsiyyətin parlaq xatirəsinə dərin ehtiram ifadə olunub.
Qeyd edək ki, yığıncaqda mövcud vəziyyət, dəhlizin inkişaf istiqamətləri və perspektivləri, onun potensialından tam istifadə edilməsi üçün görüləsi zəruri işlər, marşruta yeni yüklərin cəlb edilməsi imkanları müzakirə olunur.
Toplantıda “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) sədri Rauf Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti, “Azərbaycan Dəmir Yolları” QSC-nin rəhbəri Cavid Qurbanov, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin Strateji planlama və inkişaf departamentinin müdiri Xudayar Həsənli, Satış və marketinq departamentinin müdiri Anar İbrahimov iştirak edir.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri
Ankara 

Nəqliyyat 2022-05-10 14:08:00