×
A
A
A
Sazlamalar

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXVI tura yekun vurulub

Bakı, 10 may, Nicat Məmmədov, AZƏRTAC

Mayın 9-da Futbol üzrə Azərbaycan Premyer Liqasında XXVI tura yekun vurulub.
AZƏRTAC xəbər verir ki, son oyun günündə 2 qarşılaşma keçirilib.
Sumqayıtın eyniadlı komandası evdə “Şamaxı”nı qəbul edib. “Kapital Bank Arena”dakı görüş meydan sahiblərinin 2:0 hesablı qalibiyyəti ilə başa çatıb. Hər iki qolu Əli Qurbani vurub. Cənubi azərbaycanlı hücumçu 31-ci və 78-ci dəqiqələrdə fərqlənib.
Bu, “Sumqayıt”ın həm 2022-ci ildə, həm də Aleksey Baqanın rəhbərliyi altında ilk qələbəsi olub. Bundan başqa, komanda 15 turdan sonra 3 xala sevinib.
Qələbədən sonra xallarını 18-ə çatdıran "Sumqayıt" 7-ci pillədəki mövqeyini qoruyub. "Şamaxı" isə 21 xalla 6-cı sırada yer alıb.
Turun son matçında "Qəbələ" klubu "Neftçi"ni qəbul edib. Qəbələ şəhər stadionunda baş tutan qarşılaşma meydan sahiblərinin minimal hesablı qələbəsi ilə yekunlaşıb. Yeganə qolu 76-cı dəqiqədə penaltidən İsnik Alimi vurub.
İlk hissənin sonlarında insident baş verib. Buna paytaxt klubunun müdafiəçisi Mamadu Mbocun "Qəbələ"nin hücumçusu Fernan Lopesə qarşı sərt oynaması səbəb olub. Epizoda görə etirazını bildirən ispaniyalı oyunçu rəqiblə mübahisə edib. Onların əlbəyaxa olmasına digər futbolçular imkan verməyiblər.
Matçın sonlarında isə azarkeşlər meydana fişəng atıblar. Bu səbəbdən görüş qısa müddətdə dayanıb. "Neftçi"nin qapıçısı İvan Brkiç fişəngi kənara çıxardıqdan sonra oyun davam edib.
Bu qələbə ilə xallarını 41-ə çatdıran əyalət təmsilçisi yenidən 4-cü pilləyə yüksəlib. Gümüş medalları təmin edən "ağ-qaralar" isə 50 xalla 2-ci sırada qərarlaşıb.
Qeyd edək ki, ilk oyun günündə "Sabah" səfərdə "Səbail"i 2:0 hesabı ilə məğlub edib, çempion "Qarabağ" isə evdə "Zirə" ilə sülhə razılaşıb.

İdman 2022-05-10 00:42:00