×
A
A
A
Sazlamalar

Monteneqroda “Heydər Əliyev kuboku” uğrunda üçüncü ənənəvi şahmat turniri keçirilib VİDEO

Podqoritsa, 10 may, AZƏRTAC
Azərbaycan-Monteneqro Mədəni və İqtisadi Mərkəzinin təşəbbüsü və təşkilatçılığı, “Azmont Investments” şirkətinin dəstəyi ilə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə Monteneqronun Herseq Novi şəhərində “Heydər Əliyev kuboku” uğrunda üçüncü ənənəvi şahmat turniri keçirilib. İlk turnirdə olduğu kimi, Monteneqronun Şahmat Federasiyası və “Prosvjeta” (“Təhsil”) şahmat klubu həmtəşkilatçı olublar.
AZƏRTAC xəbər verir ki, turnirin açılış mərasimində çıxış edən Azərbaycan-Monteneqro Mədəni və İqtisadi Mərkəzinin direktoru Seyran Mirzəzadə xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycanın dövlətçiliyinin möhkəmləndirilməsi naminə əvəzsiz xidmətləri haqqında iştirakçıları məlumatlandırıb. Ulu Öndərin 90-cı illərdə Azərbaycanın dövlət müstəqilliyini itirmək təhlükəsi qarşısında olarkən xalqın istəyi ilə hakimiyyətə gəldiyini, ölkəni böyük böhrandan xilas etdiyini qeyd olunub. Azərbaycan xalqının öz tarixi və görkəmli şəxsiyyətlərinin xidmətlərini heç vaxt unutmayacağı bildirilib.
S.Mirzəzadə ulu öndər Heydər Əliyevin uzunmüddətli inkişaf strategiyası sayəsində Azərbaycanın bu gün dünyada güclü dövlət kimi tanındığını və xarici ölkələrdə, o cümlədən Monteneqroda investisiya yatırmaq imkanında olduğunu qeyd edib. O, Azərbaycanda şahmatın inkişafında da ümummilli lider Heydər Əliyevin böyük xidmətlərinin olduğu bildirib, məhz ona görə, anım tədbiri kimi artıq üçüncü ildir ki, şahmat turnirinin təşkil olunduğunu deyib. Üçüncü turnirdə nəinki Monteneqrodan, eyni zamanda, region və digər ölkələrdən iştirakçıların olmasının və 48 nəfər şahmatçının qatılmasının bu ənənəvi turnirə ildən-ilə marağın artmasının göstəricisi olduğu vurğulanıb.
Herseq Novi Bələdiyyəsi sədrinin müavini Mirko Mustur Heydər Əliyevin tərcümeyi-halı ilə tanış olarkən, dövləti və xalqı üçün göstərdiyi xidmətlərdən təsirləndiyini, eyni zamanda, bu tarixi şəxsiyyətin doğum günü ilə bağlı anım tədbirlərinin keçirilməsinin, onun xatirəsinin hörmətlə anılmasının azərbaycanlıların qədirbilən xalq olmasını sübut etdiyini bildirib. Belə bir tədbirin Herseq Novi bələdiyyəsində keçirilməsindən şərəf duyduqlarını vurğulayıb. O, Azərbaycanla bütün sahələrdə dostluq və əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi istiqamətində əllərindən gələni etməyə hazır olduqlarını deyib.
Digər çıxışçılar - Monteneqro Şahmat Federasiyasının rəhbəri Yovan Milovic, “Azmont Investments” şirkətinin ictimaiyyətlə əlaqələr üzrə nümayəndəsi Adriyana Husiç və “Prosvjeta” şahmat klubunun idarə heyətinin sədri Dragan Cadenoviç turnirin dəstəkçisi və təşkilatçısı olmaqdan şərəf duyduqlarını, Azərbaycanın Monteneqroda şahmatın təşviqinə verdiyi töhfələri yüksək qiymətləndirdiklərini və turnirin ənənəvi olaraq keçirilməsində maraqlı olduqlarını bildiriblər.
Turnirdə Monteneqronun Milli şahmat komandasının üzvləri, 4 qrossmeyster, 4 beynəlxalq usta və 9 FIDE ustası olmaqla 48 şahmatçı yarışıb. “Heydər Əliyev Kuboku” üzrə birinci yeri qrossmeyster Nikola Dukiç (rtg: 2556) qazanıb.
Təltiflərlə yanaşı, əsas mükafatçılara Azərbaycanın tarixi şəxsiyyətlərinin həyatı, yaradıcılığı və xidmətlərinə həsr edilmiş və Monteneqro dilində çapdan çıxmış “Azərbaycanın görkəmli şəxsiyyətləri” kitabı da təqdim olunub.
Turnir böyük marağa səbəb olub, ənənəvi olaraq növbəti illərdə də keçirilməsi və daha da genişləndirilməsi qərara alınıb, tədbir yerli kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılıb.

Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Podqoritsa

İdman 2022-05-10 01:19:00

Video