×
A
A
A
Sazlamalar

Ali təhsil müəssisələrinin tələbələri arasında minifutbol çempionatı başa çatıb

Bakı, 9 may, AZƏRTAC
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə ilə əlaqədar ali təhsil müəssisələrinin tələbələri arasında keçirilən minifutbol çempionatı başa çatıb.
AZƏRTAC xəbər verir ki, yarışın final qarşılaşmasında Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının komandası Bakı Dövlət Universitetinin yığmasını məğlub edərək çempionatın qalibi olub.
Azərbaycan Memarlıq və İnşaat Mühəndisliyi Universitetinin komandası bürünc medal qazanıb.
Oyunlardan sonra çempionatın bağlanış mərasimi keçirilib.
Tədbirdə təhsil nazirinin müavini Firudin Qurbanov, gənclər və idman nazirinin müavini Fərhad Hacıyev, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin (ATİAHİ) sədr müavini Mirzə Cəfərzadə, AFFA-nın icraiyyə komitəsinin üzvləri, veteran futbolçular və digər rəsmi şəxslər iştirak ediblər.
Tədbirdə çıxış edən təhsil nazirinin müavini, Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyinin prezidenti Firudin Qurbanov ulu öndər Heydər Əliyevin Azərbaycan gəncliyinə, idman sahəsinin inkişafına göstərdiyi diqqət və qayğıdan danışıb, bu münasibətin nəticəsi olaraq qazanılan uğurlardan söz açıb. Nazir müavini çempionatın tələbələr arasında minifutbolun təbliğində və kütləviliyində, perspektivli idmançıların aşkara çıxarılmasında xüsusi rol oynadığını qeyd edib, idmanın yetişməkdə olan gənc nəslin sağlamlığının təmin edilməsində, onların vətənpərvərlik ruhunda tərbiyəsində müstəsna əhəmiyyət daşıdığını bildirib.
Sonda yarışlarda fərqlənən 3 tələbə futbolçu “Ən yaxşı qapıçı”, “Ən yaxşı müdafiəçi” “və “Ən yaxşı hücumçu” nominasiyaları üzrə xüsusi mükafatla təltif olunub, I, II, III yerləri tutan komandalar medal, kubok və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.
Qeyd edək ki, çempionat Təhsil Nazirliyi, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası, Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyi və “Azfar Qroup” QSC-nin dəstəyi ilə təşkil olunub. Turnirdə ümumilikdə 16 ali təhsil müəssisəsinin komandaları iştirak ediblər.
Çempionatın keçirilməsində məqsəd ümummilli lider Heydər Əliyevin xatirəsini əbədiləşdirmək, Ulu Öndərin irsinin təbliği, idmanın kütləviliyinin təmin olunması və bu idman növünün inkişaf etdirilməsidir.

İdman 2022-05-09 14:16:00