×
A
A
A
Sazlamalar

Yeniyetmə cüdoçuların Azərbaycan birinciliyində qaliblər bəlli olub

Bakı, 9 may, AZƏRTAC
Yeniyetmə cüdoçular (U-15) arasında Azərbaycan birinciliyinə yekun vurulub.
Azərbaycan Cüdo Federasiyasından AZƏRTAC-a bildiriblər ki, Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Mərkəzində keçirilən yarışın son günündə oğlanlar və qızlar arasında 8 çəki dərəcəsində qaliblər müəyyənləşib. Belə ki, oğlanlar arasında Xəzər Heydərov (42 kq), Əli Hümbətov (55 kq), Səyid Şərifov (73 kq), Səid Hüseynov (+73 kq), qızların yarışında isə Nərmin Məmmədli (36 kq), Aysun Məmmədova (52 kq), Mələk Bayramlı (63 kq), Leyli Qurbanova (+63 kq) fərqləniblər.
Üç gün davam edən yarışda ümumilikdə, 20 çəki dərəcəsində mükafatçılar bəlli olub. Yarışın yekun nəticələrinə görə, ümumi komanda hesabında medalların sayına görə Bakı şəhəri 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin komandası birinci, 2 saylı Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin yığması ikinci, “Neftçi” İdman Klubunun cüdoçuları isə üçüncü yerə layiq görülüblər.
Müxtəlif çəki dərəcələri üzrə mükafata layiq yerlər tutan idmançılar medal və diplomlarla təltif ediliblər.
Qeyd edək ki, Azərbaycan Cüdo Federasiyasının prezidenti Rəşad Nəbiyev, vitse-prezidenti Elnur Məmmədli və milli komandamızın aparıcı üzvlərindən bir neçəsi yeniyetmə cüdoçuların yarışlarını yaxından izləyiblər. Mükafatlandırılma mərasimində iştirak edən Rəşad Nəbiyev qaliblərə gələcək yarışlarda uğurlar arzulayıb.
Xatırladaq ki, birincilikdə ölkəmizin 92 klub, cəmiyyət və idman təşkilatından 576 (117 qız, 459 oğlan) cüdoçu iştirak edib.
Yarışın təşkilində əsas məqsəd yeniyetmələr və gənclər arasında cüdo idman növünə marağın artırılması, onun təbliği və yarışlarda ölkənin bütün regionlarının təmsil olunmasına nail olmaqdır.

İdman 2022-05-09 03:38:00