×
A
A
A
Sazlamalar

İdman gimnastlarımız "Kutaisi Cup - Our Future Olympians" beynəlxalq turnirində uğurla çıxış ediblər

Bakı, 8 may, AZƏRTAC
Gürcüstanın Kutaisi şəhərində kişi və qadın idman gimnastikası üzrə "Kutaisi Cup - Our Future Olympians" adlı üçüncü beynəlxalq turnir keçirilib.
AZƏRTAC Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətinə istinadla xəbər verir ki, yarışda yığma komandamızın üzvləri ilə yanaşı, “Ocaq Sport” klubunun və Bakı Gimnastika Məktəbinin (BGM) təmsilçiləri də qüvvələrini sınayıblar.
Milli komandanın üzvlərindən qadınlar arasında gənclər yaş kateqoriyasında Nazənin Teymurova çoxnövçülük, dayaqlı tullanma, müxtəlif hündürlüklü qollar, gimnastika tiri və sərbəst hərəkətlər proqramında bütün rəqiblərini üstələyərək qızıl medal qazanıb. Bu yaş qrupunda Məryəm Musayeva dayaqlı tullanmada bürünc medala sahib çıxıb.
Qadınlar arasında komanda yarışlarında yığma komandanın üzvü Məryəm Musayeva, “Ocaq Sport” klubunun təmsilçiləri Xədicə Abbaszadə və Leyla Məmmədzadə üçüncü olublar.
Kişilər arasında gənclər yaş qrupunda qüvvəsini sınayan Rəsul Əhmədzadə paralel qollar və dayaqlı tullanmada gümüş, çoxnövçülükdə bürünc medal qazanıb.
Bu yaş qrupunda çıxış edən Aydın Əlizadə dayaqlı tullanmada gümüş, sərbəst hərəkətlər, turnik və halqa ilə çıxışına görə bürünc medallara sahib çıxıb.
Mənsum Səfərov böyüklər arasında çoxnövçülük üzrə fəxri kürsünün üçüncü pilləsində qərarlaşıb.
Yığmamızın üzvləri Aydın Əlizadə, Rəsul Əhmədzadə və BGM-in təmsilçisi Anar Həsənov, həmçinin komanda yarışlarında da mübarizə apararaq ikinci pillədə yer alıblar.
“Ocaq Sport” klubunun və BGM-in təmsilçiləri də uğurlu çıxışları ilə fərqləniblər.
Yeniyetmələr arasında “Ocaq Sport” klubunun təmsilçisi Albina Əliyeva sərbəst hərəkətlərdə və çoxnövçülükdə qızıl, müxtəlif hündürlüklü qollarda isə gümüş medala yiyələnib. Klubun digər üzvü Leyla Məmmədzadə də bu yaş kateqoriyasında müxtəlif hündürlüklü qollar və gimnastika tirində qızıl, çoxnövçülük, dəstəli at və müxtəlif hündürlüklü qollarda gümüş, sərbəst hərəkətlərdə bürünc medal qazanıb.
Kişilər arasında “Ocaq Sport”un gimnastı Çingiz Vəliyev sərbəst hərəkətlər, turnik və halqa üzrə gümüş, dayaqlı tullanmada isə bürünc medal əldə edib. BGM-nin təmsilçiləri Nihat Muradlı çoxnövçülükdə, Anar Həsənov isə paralel qollarda üçüncü yeri tutublar.

İdman 2022-05-08 23:32:00