×
A
A
A
Sazlamalar

Tehranda “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi ilə bağlı müzakirə aparılacaq

Tehran 8 may, AZƏRTAC

Rusiyanın Baş nazirinin müavini, Rusiya-İran Hökumətlərarası İqtisadiyyat və Ticarət sahələrində Əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Aleksandr Novak gələn həftə Tehrana səfər edəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumatı İranın xarici işlər nazirinin beynəlxalq iqtisadi məsələlər üzrə müavini Mehdi Səfəri verib. O bildirib ki, A. Novak İranın birinci vitse-prezidenti Məhəmməd Muhbir ilə görüşəcək. Görüşdə turistlər üçün viza rejiminin qarşılıqlı olaraq sadələşdirilməsi, iki dövlət arasındakı maliyyə, neft-qaz, tranzit və nəqliyyat sahələri üzrə əməkdaşlıq məsələləri müzakirə ediləcək.
Müzakirələr zamanı “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin formalaşması istiqamətində atılan addımlara və bu dəhlizin əsas seqmenti olan Rəşt-Astara dəmir yolunun inşasına da toxunulacaq.
Nəzərə çatdıraq ki, Rəşt-Astara yolu artıq istifadəyə verilən Qəzvin-Rəşt dəmir yolunun davamıdır. “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi ilə Cənub-Şərqi Asiya və körfəz ölkələrindən Avropaya, həmçinin əks istiqamətə yola salınan yüklər İranın Bəndər-Abbas və Çabahar limanlarından Qəzin-Rəşt-Astara (İran) – Astara (Azərbaycan) dəmir yolu ilə daşınacaq.
Mütəxəssislər hesab edir ki, dəmir yolu tam istifadəyə verildikdən sonra birinci il 4,5 milyon ton yük və 250 min sərnişin daşınacaq. Yol 10 ildən sonra 11 milyon ton yük və 500 min sərnişin daşımaq imkanına malik olacaq. Rəşt-Astara dəmir yolunun uzunluğu 160 kilometrdir. Hazırda yolun tikintisi davam edir.

Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran

Nəqliyyat 2022-05-08 04:19:00