×
A
A
A
Sazlamalar

Elektron təhsilin fərdiləşdirilməsində sosial şəbəkələrdən istifadənin üstünlükləri araşdırılır

Bakı, 7 may, AZƏRTAC

AMEA İnformasiya Texnologiyaları İnstitutunun növbəti seminarı elektron təhsilin fərdiləşdirilməsi üçün sosial şəbəkələrdən istifadə məsələlərinə həsr olunub.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib.
Məruzəni təqdim edən institutun magistrantı Nuranə Bahadurzadə qeyd edib ki, hazırda dünyanın bir çox universitetlərində tədris idarəetmə sistemindən istifadə olunur. Bu platformaların maarifləndirici təsiri az əhəmiyyət kəsb edir və əsasən inzibati məqsədlər üçün istifadə edilir. Sosial şəbəkələr tədris prosesində tələbənin fərdi ehtiyaclarını genişləndirir. Tədqiqat zamanı təhsil materiallarının məzmununu fərdiləşdirməklə, elektron təhsili təkmilləşdirmək üçün sosial şəbəkələrdən istifadə imkanları araşdırılıb. Sosial şəbəkələrdəki təhsil fəaliyyəti tələbələrin birgə iş bacarıqlarının inkişafı üçün əhəmiyyətlidir. Bəzi hallarda tələbələrin sosial şəbəkələrdən istifadə edərək öyrənmə fəaliyyətində daha yüksək göstəricilərə nail olunur. Tədrisdə sosial texnologiyalardan istifadə tələbələrin motivasiyasını daha da artıra bilər ki, bu da işin keyfiyyətinin yüksəldilməsinə səbəb olacaq.
Seminarda məruzə ətrafında müzakirələr aparılıb, tövsiyələr səsləndirilib.

Texnologiya 2022-05-07 16:53:00