×
A
A
A
Sazlamalar

“Nəsillərdən-nəsillərə əmanətdi Əhməd Cavad” adlı yubiley tədbiri keçirilib VİDEO

Bakı, 6 may, AZƏRTAC

Azərbaycan Respublikası Prezidentinin Əhməd Cavadın anadan olmasının 130 illiyi haqqında 2022-ci il 20 aprel tarixli Sərəncamına əsasən ölkəmizin hər yerində olduğu kimi, Azərbaycan Ordusunda da silsilə tədbirlər həyata keçirilir.
Bu barədə AZƏRTAC-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər.
Qoşun növü, birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrində təşkil edilən mədəni-kütləvi tədbirlərdə, ictimai-siyasi hazırlıq dərslərində şəxsi heyətin nəzərinə çatdırılır ki, Əhməd Cavad Azərbaycan ədəbi-bədii fikir tarixində istiqlal şairi kimi özünəməxsus dəst-xəti ilə seçilən, müstəqil mövqeyə malik söz ustalarındandır. O, bütün qəlbi ilə bağlı olduğu doğma xalqının müstəqillik ideallarına həyatı boyu sadiq qalıb, azadlıq motivləri ilə zəngin yaradıcılığı milli məfkurədən yoğrulub. Azərbaycanın dövlət rəmzlərini yüksək səviyyədə alovlu tərənnüm edib, müstəqil dövlətçiliyə sevgi aşılayan əsərləri dərin vətənpərvərlik duyğularının heyrətamiz poetik ifadəsidir.
Vətən əsgərləri məlumatlandırılır ki, daim ictimai-siyasi hadisələrin qaynar nöqtələrində olan, dövrün görkəmli şəxsiyyətləri sıralarında keçən əsrin 30-cu illərinin ağır repressiyalarına məruz qalaraq sovet totalitarizmin qurbanına çevrilən Əhməd Cavadın mübarizələrlə dolu 45 illik həyatı bu günümüzün gəncliyi, eləcə də Vətən müdafiəçiləri üçün örnəkdir və hər kəsi vətəndaşı olduğu Vətənə, dövlətə, xalqa sədaqətlə xidmət etməyə, ulu babalarımızdan bizə əmanət olan müqəddəs torpaqlarımızı ürəkdən sevməyə, onun uğrunda hər an canından, qanından keçməyə hazır olmağa çağırır.
Mayın 5-də - unudulmaz istiqlal şairimizin ad günündə Müdafiə Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində keçirilən “Nəsillərdən-nəsillərə əmanətdi Əhməd Cavad” adlı yubiley gecəsində dövlət himnimizin müəllifinin doğma Vətənin azadlığı, müstəqilliyi naminə mübarizələrdə keçən ağır, eyni zamanda, şərəfli ömür yoluna çıraq tutulub, xatirəsi əsgəri ehtiramla yad edilib.
Müdafiə Nazirliyi rəsmilərinin, Bakı Qarnizonundakı hərbi hissələrin və ictimaiyyət nümayəndələrinin, mədəniyyət və incəsənət xadimlərinin iştirak etdikləri yubiley mərasimində əvvəlcə əsgər xoru və bütün tədbir iştirakçıları dünyaşöhrətli Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin Əhməd Cavadın sözlərinə yazdığı Azərbaycan Respublikasının Dövlət Himnini ifa edib.
Layihənin müəllifi Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbani çıxışının əvvəlində xalqımızın ümummilli lideri Heydər Əliyevin dövlət himnimiz haqqında söylədiyi dəyərli fikirləri tədbir iştirakçılarının diqqətinə çatdırıb: “Azərbaycanın gözəl himni var. Sevindirici haldır ki, bu himn hələ 1918-ci ildə yazılıb. Bunun müəllifi bizim böyük bəstəkarımız Üzeyir Hacıbəyovdur. Himnimizin sözlərini Əhməd Cavad yazıb. Onun musiqisi də çox gözəldir, sözləri də çox mənalıdır, gözəldir. Mən xarici ölkələrə səfər edərkən hər yerdə iki himn çalınır – Azərbaycanın himni, bir də getdiyimiz ölkənin himni. Hər ölkənin himni özünə əzizdir. Öz xalqının musiqisini, mənəvi xüsusiyyətlərini əks etdirir. Bu, təbiidir. Ancaq mən hər yerdə müqayisə edib görürəm ki, bizim himnin müəllifləri bu himni nə qədər böyük məharətlə yaradıblar. Hər dəfə xarici ölkələrdə bu himni dinləyərkən mən yenidən iftixar hissi duyuram”.
Polkovnik A.Qurbani qeyd edib ki, yeraltı və yerüstü sərvətləri ilə zəngin, füsunkar gözəlliklərə malik, geostrateji maraqların mərkəzində yerləşən ölkəmiz zaman-zaman yadellilərin hücumlarına məruz qalsa da, torpaqlarımızda qanlar tökülsə də, igidlərimiz savaş meydanında şəhid olsa da, varımız-sərvətimiz talansa da, heç kim, heç nə xalqımızın döyüş ruhunu, mübarizə əzmini, azadlıq duyğusunu əlindən ala bilməyib. Ən ağır zamanlarda, elə şahidi olduğumuz 44 günlük Vətən müharibəsində də xalqımız dəmir yumruq olaraq bir bayraq altında, bir amal uğrunda birləşib. Ötən əsrin 30-cu illərində xalqımızın vətənpərvər ziyalılarının, müstəqilliyimiz uğrunda mübarizənin fəal iştirakçılarının, görkəmli hərbi xadimlərimizin, o cümlədən qələmini süngüyə çevirərək xalqı müstəqillik uğrunda mübarizəyə çağıran yazarlarımızın böyük bir hissəsi totalitarizmin qurbanı olsa da, Uzaq Sibirə, Şərqi Qazaxıstana sürülsə də, olmazın işgəncə və iztirablarına məruz qalsa da əsrin sonlarında Azərbaycanın öz dövlət müstəqilliyini bərpa etməsi ilə repressiya qurbanlarına yenidən yaşamaq hüququ verilib. Bu sahədə ulu öndər Heydər Əliyevin xidmətləri əvəzsizdir və xalqımız yaxşı bilir ki, hələ respublikamıza rəhbərliyinin ilk günlərindən Heydər Əliyev bu istiqamətdə qətiyyətli addımlar ataraq qırmızı terrorun qurbanı olan Cəmşid xan Naxçıvanskinin adını əbədiləşdirib, Hüseyn Cavidin nəşini Uzaq Sibirdən Vətənə gətirərək doğma torpağına əmanət edib, məzarı üzərində əzəmətli abidə inşa etdirib, Bakıda möhtəşəm abidəsini ucaltdırıb.
Dahi Liderimizin ənənələrini uğurla davam etdirən Prezident İlham Əliyevin gördüyü işlər isə göz qabağındadır. Əhməd Cavadın anadan olmasının 120 və 130 illik yubileylərinin keçirilməsi haqqında, Əhməd Cavadın “Seçilmiş əsərləri”nin latın qrafikası ilə çap olunmasına dair Prezident sərəncamlarını xatırlamaq kifayətdir.
Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru, professor Bədirxan Əhmədlinin Əhməd Cavadın ədəbi yaradıcılığı, həmçinin həm qələmi, həm də silahı ilə mübarizələrdə keçən həyatı barədə real sənədlərə, tədqiqat materiallarına əsaslanan əhatəli çıxışı tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.
“Birinci Cahan savaşı istiqlal şairimizi əymədi, Azərbaycan Xalq Cümhuriyyətinin süqutu onu sındırmadı. 1923-cü ildə güllələnəcək fədailərin sırasında adının keçməsi onu mübarizəsindən döndərmədi, “Göygöl” şeirinə görə 5 ay zindanda yatması onu ruhdan salmadı. Döyülərək, işgəncələr verilərək məhkəmə qarşısına çıxarılsa da, əqidəsini dəyişmədi, “Mən çeynənən bir ölkənin haqq bağıran səsiyəm!” deyərək qamətini dik tutdu. Nahaq yerə, günahsız olaraq güllələnsə də, ruhən ölmədi, dünyasını dəyişərək əbədiyyətə qovuşdu Əhməd Cavad”, - professor B.Əhmədli deyib.
Şəxsi Heyət Baş İdarəsi İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi vəzifəsini icra edən general-mayor Bəkir Orucov tədbir iştirakçılarını salamlayaraq bildirib ki, xalqımızın ümummilli lideri Heydər Əliyev gənclərimizin vətənpərvərlik tərbiyəsinə həmişə xüsusi önəm verərdi. Ulu Öndərimiz hələ neçə illər öncə demişdir: “Milli dəyərlərimizi, milli ənənələrimizi yaxşı bilməyən, tariximizi yaxşı bilməyən gənc vətənpərvər ola bilməz. Hər bir gənc vətənpərvər olmalıdır. Vətənpərvərlik böyük bir məfhumdur. Bu, sadəcə, orduda xidmət etmək deyil. Vətənə bağlı olmaq, Vətəni sevmək, torpağa bağlı olmaq – budur vətənpərvərlik”. Qalib Azərbaycan Ordusunun hər bir əsgəri vətənpərvərdir. Vətən uğrunda, öz torpağı uğrunda canından, qanından keçməyə belə hazırdır. Müzəffər Ali Baş Komandan İlham Əliyev bir neçə gün əvvəl Azərbaycan xüsusi təyinatlıları qarşısında Vətən müharibəsində qazanılan möhtəşəm qələbədən danışarkən bir daha vurğulayıb ki, bizi irəliyə aparan Vətən sevgisi idi. Bu, həqiqətən də belədir. Vətən sevgisi, Vətən məhəbbəti, vətənpərvərlik hissi, yüksək mənəvi-psixoloji hazırlıq, döyüş ruhu yoxdursa, heç bir qələbədən, uğurdan, zəfərdən danışmağa dəyməz. Bu mənada, Əhməd Cavadın Vətən sevgisi, müstəqillik, azadlıq duyğuları hər bir əsgərimiz üçün nümunədir və Vətən müdafiəçilərini daha böyük uğurlara ruhlandırır.
Əməkdar jurnalist, ehtiyatda olan mayor, vətənpərvərlik mövzusunda onlarla kitabın, sənədli filmin ssenari müəllifi Rəşid Faxralı Əhməd Cavadın yubileyinə həsr etdiyi şeiri oxuyub və bu şeir alqışlarla qarşılanıb:

Qarı dünya, gözünü aç, “Qoşma”nı gör, “Göygöl”ü gör,
Yerə-göyə sığışmayan dəyanətdi Əhməd Cavad.
“Vətən!” dedi, “Bayraq!” dedi “Dalğa”sının pıçıltısı,
Azərbaycan, adın boyda məhəbbətdi Əhməd Cavad.

Aşıb-daşan boz selləri uğurundan saxlayandı,
Şər gətirən yolu-izi himnimizlə bağlayandı,
Dağımıza daş atanı “Dağlar”ıyla dağlayandı,
“Azərbaycan!” deyənlərə zəmanətdi Əhməd Cavad,
Nəsillərdən-nəsillərə əmanətdi Əhməd Cavad!

“45 illik ömrü təlatümlər qoynunda, iztirablar içində, mübarizələrdə keçsə də, övladları doğma yurd-yuvasından pərən-pərən düşsə də, güllələnəndən sonra dünyalarca sevdiyi Şükriyyəsi zindanlara atılıb Vətənindən uzaqlarda sürgünlük həyatına məhkum edilsə də, Əhməd Cavad ölmədi. Məncə Əhməd Cavad dünyanın ən xoşbəxt şairi, ləyaqət, mərdlik simvoludur. Hər sabahımızı Əhməd Cavad misraları ilə açır, keçən günümüzü Əhməd Cavad şeiri ilə başa vururuq. Dünyada bundan gözəl nə ola bilər ki... Vətən müharibəsində qələbəyə gedən yollarda Əhməd Cavad şeirləri, həmin şeirlərə yazılan mahnılar bizə ruh verirdi. Kənd və şəhərlərimizi bir-bir azad edərək zirvələrə Zəfər bayrağımızı hər dəfə sancanda sözləri Əhməd Cavada aid olan dövlət himnimizi bir ağızdan böyük coşqu ilə oxuyardıq. Nə qədər Azərbaycan xalqı, Azərbaycan dövləti və biz varıq, deməli, Əhməd Cavad da qan yaddaşımızda yaşayacaq”, - bu sözləri isə Vətən müharibəsinin iştirakçısı polkovnik Elşad Əbilov deyib.
Tədbirdə Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin solistləri Əhməd Cavadın şeirlərinə yazılan “Çırpınırdın Qara dəniz”, “Bismillah”, “Gəncədən gəlirəm”, “Şükriyyə”, “Can Azərbaycan” mahnılarını ifa edib, şairin şeirləri səsləndirilib.
Yubiley mərasimi “Zəfər təntənəsi” xoreoqrafik kompozisiyası və aparıcının söylədiyi “Nəsillərdən-nəsillərə əmanətdi Əhməd Cavad” misrasının bütün iştirakçılar tərəfindən təkrarlaması ilə başa çatıb.

Ordu 2022-05-06 19:37:00

Video