×
A
A
A
Sazlamalar

Paylanmış hesablama sistemlərinə dair kitab nəşr edilib

Bakı, 6 may, AZƏRTAC

Paylanmış hesablama sistemlərinin yaradılması bu gün kompüter elmləri və proqram mühəndisliyinin qarşısında duran ən aktual məsələlərdən biridir. İnternetə qoşulmuş çoxlu sayda kompüterlərin birgə işləməsi əsasında yaradılan yüksək məhsuldarlığa malik paylanmış hesablama sistemlərinə daha perspektivli sistemlər kimi baxılır.
AZƏRTAC xəbər verir ki, bu fikirlər AMEA İnformasiya Texnologiyaları İnstitutunun icraçı direktoru texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərovun yeni kitabında yer alıb.
“Paylanmış hesablama sistemləri: inkişaf mərhələləri, problemlər və həlli yolları” adlı yeni nəşrin elmi redaktoru institutun baş elmi işçisi texnika üzrə fəlsəfə doktoru, dosent Ramiz Şıxəliyevdir.
Kitabda paylanmış hesablama sistemlərinin inkişaf mərhələləri, imkanları, arxitekturası, təhlükəsizlik məsələləri və meydana çıxan problemlər, eləcə də onların həlli yollarından bəhs edilib.
Həmçinin burada paylanmış hesablama sistemlərinin yaradılmasında istifadə edilən bir çox texnologiyaların: çoxprosessorlu, “cluster computing”, “grid” və “cloud” paylanmış hesablama sistemlərinin arxitektur-texnoloji prinsipləri və tətbiq sahələri analiz edilib, şəbəkə texnologiyaları əsasında yaradılan bulud hesablama sistemlərinin resurslarının klasterləşməsi, virtuallaşması, modelləri və xidmətləri haqqında məlumat verilib.

Texnologiya 2022-05-06 13:42:00