×
A
A
A
Sazlamalar

Eyni mənzili ayrı-ayrı şəxslərə satan mənzil tikinti kooperativinin sədri həbs edilib

Bakı, 6 may, AZƏRTAC

“Star-M” Mənzil Tikinti Kooperativinin (MTK) vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə əlaqədar Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş müraciətlər əsasında Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, istintaqla həmin MTK-nın təsisçisi və sədri, eyni zamanda, “ŞANS” MTK-nın faktiki rəhbəri olmuş Məhərrəm Məhərrəmovun 2018-2021-ci illərdə rəhbərlik etdiyi kooperativlər tərəfindən inşa olunmuş yaşayış binalarında mövcud 17 mənzilin saxta müqavilə və maliyyə arayışlarının tərtib edilməsi yolu ilə 36 nəfərə, eləcə də satılması qanunvericiliklə qadağan edilmiş 7 qeyri-yaşayış sahəsinin mənzil qismində eyni üsulla 14 nəfərə satılmasına nail olaraq ümumilikdə vətəndaşlara məxsus 3 milyon 166 min manat məbləğində pul vəsaitini ələ keçirməsinə əsaslı şübhələr müəyyən olunub.
İş üzrə toplanmış kifayət qədər sübutlar əsasında Məhərrəm Məhərrəmova Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə tam, hərtərəfli və obyektiv istintaqın aparılması, digər təqsirli şəxslərin qanunsuz əməllərinin ifşa olunması, habelə vətəndaşlara vurulmuş maddi ziyanın ödənilməsinin təmin edilməsi istiqamətində tədbirlərin görülməsi davam etdirilir.

Hadisə 2022-05-06 10:05:00