×
A
A
A
Sazlamalar

Yeni nəsil rəqəmsal imza – “SİMA”nın tərəfdaşları sırasına “TuranBank” da qoşulub

Bakı, 5 may, AZƏRTAC

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “AzInTelecom” MMC-nin yaratdığı “SİMA” – bulud əsaslı yeni nəsil rəqəmsal imzanın tərəfdaşları sırasına “TuranBank” da qoşulub.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, “SİMA”nın “TuranBank”ın sisteminə inteqrasiyası nəticəsində banka əmanət yerləşdirən zaman sənədlərin “SİMA” ilə imzalanması mümkün olub. Bu, müştərilərə banka gəlmədən, zaman itkisinə yol vermədən “TuranBank”a əmanət qoymağa imkan verir.
“SİMA” vasitəsilə gələcəkdə bankın digər məhsullarından da istifadə mümkün olacaq. Hazırda “AzInTelecom” və “TuranBank” bu istiqamətdə birgə iş aparır.
“SİMA” vasitəsilə bank xidmətləri ilə yanaşı, digər sahələr üzrə də elektron xidmətlərdən yararlanmaq mümkündür. Bunlara rəqəmsal dövlət, BOKT, sığorta, mobil operatorlar, elektronika, məişət, TV və internet provayderlər, bir sözlə imza tətbiq olunan bütün sahələr daxildir.
Yeni nəsil rəqəmsal imzanın həm vətəndaşlar, həm də xidmət təklif edənlər üçün bir sıra üstünlükləri var. Bunlar arasında maliyyə xərclərinin azaldılması və vaxt itkisinin qarşısının alınması xüsusi əhəmiyyət daşıyır. Bundan əlavə, “SİMA”nın istənilən sistemə inteqrasiya oluna bilməsi, eləcə də avtomatlaşdırılma istifadəçilər üçün sürətli və istənilən sayda imzalama imkanı qazandırır.
Mobil tətbiqlə işləyən imzanı əldə etmək üçün “SİMA” tətbiqini mobil cihaza yükləmək və bir dəfə qeydiyyatdan keçmək kifayətdir. Rəqəmsal xidmətlərə əlçatanlığı artıran imzanın ölkəmizdə biznes proseslərini sürətləndirəcəyi gözlənilir.
“SİMA” rəqəmsal imza ilə bağlı daha ətraflı məlumatı şirkətin rəsmi saytından və “157” Çağrı mərkəzi ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz.

 

İKT 2022-05-05 16:47:00