×
A
A
A
Sazlamalar

Yuxusuzluq problemi orqanizmdə piylənmə yarada bilər

Bakı, 5 may, AZƏRTAC
Normadan artıq yemək yuxusuzluq yarada bilər. Eyni zamanda, sağlam qidalanma ilə yuxu problemlərini yaxşılaşdırmaq mümkündür.
Kaliforniya Universiteti Yuxu Elmləri Mərkəzinin rəhbəri, professor Metyu Uolker qeyd edir ki, “Yuxusuzluq problemi zamanı beyində və bədəndə bəzi dəyişikliklər baş verir və bu hal piylənmə yaradır”.
M.Uolker yuxusuzluq zamanı insan orqanizminin normadan iki və ya üç dəfə çox kalorili qidaları tələb etdiyini deyib. Bunun səbəbi yuxunun iştahanı idarə edən iki hormona - leptin və qrelinə təsir etməsidir.
AZƏRTAC Kaliforniya Universitetinə istinadla bildirir ki, leptin, kifayət qədər qida qəbul edildiyi barədə beyinə siqnal göndərən hormondur. Leptin səviyyəsi yüksəldikdə iştaha azalır. Qrelin hormonunun səviyyəsi yüksəldikdə isə doyma siqnalı beyinə ötürülmür.
Tədqiqatlar nəticəsində insanların yuxusuz qaldığı zaman bu iki hormonun normal səviyyəsinin tərsinə olduğu aşkarlanıb.
Professor M.Uolkerin apardığı araşdırmada yuxusuzluqdan əziyyət çəkən insanların karbohidrat səviyyəsi yüksək olan qidaları daha çox istehlak etdiyi məlum olub.
Melbourne Monash Universitetinin professoru Maxine Bonham "Gündüz saatlarında yemək və hərəkət etmək, gecə isə yatmaq lazımdır. İnsan orqanizmi bunu tələb edir", - deyib.
Gecə yemək qandakı qlükoza və yağ səviyyəsinin artmasına səbəb ola bilər, çünki bədən gecə yeyilən qidaları gec həzm edir. Gecə növbəsində işləyən insanlarda piylənmə, şəkər və ürək xəstəlikləri riski daha yüksəkdir.

Sağlamlıq klubu 2022-05-05 14:52:00