×
A
A
A
Sazlamalar

Deputat: Xüsusi Təyinatlı Qüvvələrin Vətən müharibəsindəki Qələbəmizdə çox böyük payı oldu

Bakı, 2 may, AZƏRTAC
Aprelin 30-da Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev Xüsusi Təyinatlı Qüvvələr (XTQ) qarşısında çıxış edərək bayram təbriklərini çatdırdı və XTQ-lərin keçdiyi uğurlu yoldan geniş danışaraq ordumuz qarşısında yeni vəzifələrin dayandığını qeyd etdi. Prezident İlham Əliyev XTQ-lərə böyük dəyər verildiyini deyərək bildirdi ki, Xüsusi Təyinatlı Qüvvələrin 44 günlük Vətən müharibəsindəki Qələbəmizdə çox böyük payı oldu.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov söyləyib.
Deputat qeyd edib ki, 23 il əvvəl ulu öndər Heydər Əliyevin tapşırığı ilə yaradılan Xüsusi Təyinatlı Qüvvələr bu illər ərzində ən müasir silahlarla təmin olunub və Türkiyənin təcrübəsinə yiyələnərək məğlubedilməz qüvvəyə çevrilib. 2016-cı ilin Aprel döyüşlərində məhz xüsusi təyinatlılar peşəkarlıq və məharət göstərərək 4 günə iki min hektardan çox ərazini işğaldan azad etməklə düşmənə mesaj göndərmişdilər. Amma düşmən bu mesajımızdan nəticə çıxartmadı və sonradan müharibə ritorikası ilə hərəkət etməyə başladı. Azərbaycanın müzəffər Ordusu, başda xüsusi təyinatlılar olmaqla 44 günlük Vətən müharibəsində qəhrəmanlıq dastanı yazdılar.
"Prezident İlham Əliyev Xüsusi Təyinatlıları Qüvvələr qarşısında çıxışında bir daha qeyd etdi ki, bizim bütün əsas həlledici əməliyyatlarımızda onlar ön sırada idilər. Xüsusi təyinatlılar dərələrdən, təpələrdən, yolsuz meşələrdən keçərək, sıldırım qayaları dırmaşaraq bu Qələbəni bizə qazandırdılar. Bu gün həmin ərazilərdən çəkilmiş Zəfər yolunu gedən hər bir insan xüsusi təyinatlıların qısa zaman ərzində keçdiyi qəhrəmanlıq yolunu görəndə heyran qalır. Azərbaycan Ordusunun nümayiş etdirdiyi döyüş taktikası bu gün dünyanın aparıcı hərbi məktəblərində tədris olunur, öyrənilir. Xüsusi təyinatlı qüvvələrimiz düşmənin qorxulu röyasına çevrilib. Azərbaycan Ordusunu Qələbəyə aparan əsas amil Prezident İlham Əliyevin qeyd etdiyi kimi, ordumuzun gücü, həm iradəsi, peşəkarlığı və Vətən sevgisi olmuşdur. Vətən sevgisi və həmrəylik ruhu birləşəndə bu güc hər bir silahdan üstündür. Təbii ki, ordumuzdakı bu birlik və güclü döyüş iradəsi əsgər-zabitlərimizi heç nədən qorxutmayaraq, düşmənin üzərinə gedərək canından keçməsinə hazır etmişdi”, - deyə Azər Badamov bildirib.
O əlavə edib ki, dövlətimizin başçısı Xüsusi Təyinatlı Qüvvələrə müraciət edərək vurğuladı ki, Ermənistanda bu gün də Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış edənlər var. Biz bunu daim diqqət mərkəzində saxlamalıyıq, buna laqeyd olmamalıyıq. Ona görə də xüsusi təyinatlıların sayı iki dəfə artırılaraq, yeni ordu birləşmələri yaradılıb. 44 günlük Vətən müharibəsində zəif nöqtələrimiz araşdırılıb və onların təkmilləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir. Bu gün ordumuz Vətən müharibəsində olduğundan daha güclü və döyüş qabiliyyəti daha yüksəkdir.
Deputat vurğulayıb ki, Prezident İlham Əliyevin ordumuza xüsusi diqqət və qayğı göstərir. Yeni hərbi hissələri tikilir və hərbi sahəyə ayrılan xərclər hər il artırılır. Eyni zamanda, ordumuzun arsenalı yeni və müasir silahlarla zənginləşdirilir. Bu gün Xüsusi Təyinat Qüvvələrimiz qarşısına qoyulan hər bir döyüş tapşırığını qısa zaman kəsiyində və yüksək səviyyədə icra etməyinə hazırdır. Əgər düşmənin ölkəmizə qarşı hər hansı bir revanşist hərəkəti müşahidə olunarsa, XTQ başda olmaqla, müzəffər ordumuz düşmənə daha sarsıdıcı zərbələr endirməyə hər an hazırdır.

Ordu 2022-05-02 15:36:00