×
A
A
A
Sazlamalar

Beynəlxalq “İKT-də Qızlar” Günü münasibətilə tədbir keçirilib

Bakı, 30 aprel, AZƏRTAC

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təşkilatçılığı və “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin dəstəyi ilə 28 aprel – Beynəlxalq “İKT-də Qızlar” Günü münasibətilə tədbir keçirilib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, məqsəd qızların İKT sektoruna cəlb edilməsi, onların bu sahədə peşə seçiminə həvəsləndirilməsi olub.
Azərkosmos-un Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzində şəhid övladlarının iştirakı ilə təşkil olunmuş tədbirdə Beynəlxalq “İKT-də Qızlar” Gününün tarixi, məqsədi, eləcə də İKT-nin qısa tarixçəsi və müasir dünyada rolu haqqında ətraflı məlumat verilib.
Qızlar üçün interaktiv şəkildə iki hissədən ibarət infosessiya keçirilib. İştirakçılar kosmos, astrofizika, peyklər, ilk kompüterlər və STEM barədə müzakirələrə qoşulublar. Onlar texnologiya sahəsində uğur qazanmış qadınlar haqqında da informasiya əldə ediblər.
Sonda iştirakçıların sualları cavablandırılıb və hədiyyələr təqdim olunub

İKT 2022-04-30 18:57:00