×
A
A
A
Sazlamalar

“Aqrar texnologiyalar” müsabiqəsinin finalçılarının Aqrar innovasiya festivalına infoturu olub

Bakı, 30 aprel, AZƏRTAC

Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə Qobustan rayonunda növbəti innovasiya festivalı keçirilib.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən AZƏRTAC-a bildirilib ki, festivala Aqrar İnnovasiya Mərkəzi tərəfindən “TEKNOFEST Azərbaycan” çərçivəsində keçirilən “Aqrar texnologiyalar” müsabiqəsinin finalçılarının infoturu təşkil edilib.
İnfotur zamanı müsabiqə finalçılarına müxtəlif innovativ texnologiyalar - yeni suvarma metodları, müxtəlif təyinatlı çoxfunksiyalı dronlar, zərərvericilərə qarşı yeni mübarizə vasitələri, günəş panelləri, həmçinin yüksək qidalılıq və məhsuldarlıq göstəricilərinə malik yem bitkiləri nümayiş olunub. Onlara nümayiş olunan innovativ texnologiyaların iş prinsipi, eləcə də onlardan istifadənin üstünlükləri barədə məlumat verilib.
Tədbirdə “TEKNOFEST Azərbaycan” haqqında geniş təqdimatla çıxış edilərək festivala dair ətraflı məlumat iştirakçıların diqqətinə çatdırılıb.
Xatırladaq ki, “TEKNOFEST Azərbaycan” Türkiyə Teknoloji Takımı Vakfının (T3 Vakfı), Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyinin birgə təşkilatçılığı ilə mayın 26-29-da Bakıda ilk dəfə olaraq keçiriləcək.

İKT 2022-04-30 11:43:00