Türkiyənin İspaniyadakı səfirliyi Madriddə “Üç dinin musiqisi” adlı dini konsert təşkil edib
Madrid, 28 aprel, AZƏRTAC
Türkiyənin İspaniyadakı səfirliyi dini və mədəni müxtəlifliklərin bəşəriyyətin mənəvi zənginliyinin mənbəyi olduğunu nümayiş etdirmək məqsədilə Madriddəki Almudena kafedralında “Üç İbrahim dininin musiqisi” adlı konsert təşkil edib.
AZƏRTAC xəbər verir ki, Madriddəki Yunus Əmrə İnstitutunun koordinasiyası və Madrid Arxiyepiskopluğunun əməkdaşlığı ilə təşkil olunan tədbir Qədr gecəsinə həsr edilib.
Türkiyənin İspaniyadakı səfiri Burak Akçapar çıxışında Ramazan ayının bu özəl gecəsində İslam dünyasına və bütün bəşəriyyətə sülh və firavanlıq arzulayıb. Diplomat qeyd edib ki, bu ilin aprelində xristianlar Pasxa bayramını, yəhudilər Pesaxı, müsəlmanlar isə müqəddəs Ramazan ayını qeyd edirlər. Üç dinin müqəddəs bayramlarının bir ayda qeyd olunmasının üst-üstə düşməsi isə bəşəriyyəti mərhəmət və şəfqət kimi yüksək fəzilətlər ətrafında birləşdirən bu dinlərin çağırışı ilə bağlı dəyərli mesajdır.
Səfir Türkiyənin hazırda münaqişə vəziyyətində olan Rusiya və Ukraynanın qardaş xalqlarını bir araya gətirmək məqsədilə tarixi missiya həyata keçirdiyini vurğulayıb.
Sonra Madridin arxiyepiskopu Karlos Osorio və digərləri çıxışlarında bütün dinlərin dünyada əmin-amanlıq və müsbət dəyişikliklər üçün sarsılmaz zəmin təşkil etdiyini vurğulayıblar.
Konsert proqramı Türkiyənin “Marifet” ansamblının çıxışı ilə başlayıb. Sonra soprano, Madrid yəhudi icmasının üzvü Merçe Benzagen, Xetafe Escolapios məktəbinin polifonik xoru dini mahnıları ifa edib.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid
Azərbaycan nümayəndə heyəti Səudiyyə Ərəbistanına səfər edib
QMİ sədri: Azərbaycanla Vatikan arasında dostluq və qardaşlıq münasibətləri yüksək səviyyədədir
Daxili İşlər Nazirliyi ilə BMT-nin bir çox təsisatları arasında əməkdaşlıq uğurla davam edir
QMİ sədri "Rusiya - İslam aləmi strateji baxış qrupu"nun növbəti illik görüşündə iştirak edir
Dövlət Komitəsinin sədri Qubada vətəndaşların müraciətlərini dinləyib