×
A
A
A
Sazlamalar

Həştərxan Bakı ilə aviareyslərin bərpasında maraqlıdır

Bakı, 26 aprel, AZƏRTAC

Aprelin 26-da “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) ofisində aviaşirkətin prezidenti Cahangir Əsgərovun Rusiyanın Həştərxan vilayətinin qubernatoru İqor Babuşkinlə işgüzar görüş keçirilib.
AZAL-dan AZƏRTAC-a bildirilib ki, görüşün əsas mövzusu tərəflər arasında mülki aviasiya sahəsində qarşılıqlı əməkdaşlığın inkişaf perspektivlərinin müzakirə edilməsi və ölkələrin nəqliyyat imkanlarının daha da artırılması çərçivəsində birgə addımların atılması olub.
AZAL prezidenti Cahangir Əsgərov qubernatorla söhbəti zamanı qeyd edib ki, mülki hava daşımalarının inkişafı sahəsində “Azərbaycan Hava Yolları” hər zaman digər aviaşirkətlərlə sıx tərəfdaşlıq münasibətləri qurur. Onun sözlərinə görə, iki ölkə - Azərbaycan və Rusiya arasında hava əlaqəsi iqtisadi əməkdaşlığın inkişafı, turizm potensialının genişləndirilməsi, həmçinin iki ölkənin biznes dairələri arasında işgüzar əlaqələrin möhkəmləndirilməsi çərçivəsində mühüm rol oynayır.
Qubernator İqor Babuşkin Bakıda keçirilən danışıqların əməkdaşlığın gələcək inkişafına təkan verəcəyini təsdiqləyib.
O, həmçinin Həştərxanla Bakı arasında aviareyslərin bərpasında maraqlı olduğunu bildirib. Bu, qubernatorun fikrincə, iki ölkə arasında ticari-iqtisadi, investisiya əməkdaşlığının fəallaşmasına, həmçinin turizm əlaqələrinin möhkəmlənməsinə təkan verəcək.
Onun sözlərinə görə, ölkələr arasında hava əlaqəsinin inkişafı çərçivəsində Rusiyanın “Azimut” aviaşirkəti Həştərxandan Bakıya və geri istiqamətdə həftədə dörd dəfəyədək müntəzəm reyslər yerinə yetirməyə hazırdır.
Görüşün yekunlarına əsasən tərəfdaşlığın inkişaf etdirilməsi və mülki hava daşımaları sahəsində müxtəlif məsələlərin birgə müzakirə edilməsi üzrə qarşılıqlı əlaqənin möhkəmləndirilməsi barədə razılıq əldə edilib.

Nəqliyyat 2022-04-26 19:33:00