×
A
A
A
Sazlamalar

Diaspor nümayəndəsi: 55 il sonra Zəfər yolu ilə Şuşaya Zəfər Qurultayına gəldim

Bakı, 25 aprel, AZƏRTAC

Şuşada keçirilən Dünya Azərbaycanlılarının V Qurultayından Qarsa çox xoş təəssüratlarla döndüm. Bu Qurultayın əvvəlkilərdən ən böyük fərqi Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusunun 28 illik əsarətdən qurtardığı Şuşada keçirilməsi idi.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, bu sözləri Qars Qafqaz Universitetinin müəllimi, professor Hacalı Nəcəfoğlu deyib.
Şuşada sonuncu dəfə 1967-ci ildə olduğunu söyləyən professor deyib: “55 il sonra Zəfər yolu ilə Şuşaya Zəfər Qurultayına gəldim. Prezident İlham Əliyevin Qurultaydakı proqram xarakterli çıxışında dediyi sözlər hələ də qulaqlarımda səslənir: “Bundan sonra Azərbaycan xalqı müzəffər xalq kimi əbədi yaşayacaq, bundan sonra bizim dövlətimiz qalib dövlət kimi yaşayacaq. Bu, böyük xoşbəxtlikdir - hamımız üçün, Azərbaycanda yaşayanlar, Azərbaycan vətəndaşları üçün, xaricdə yaşayan azərbaycanlılar üçün”. 55 ildən sonra azad Qarabağa, azad Şuşaya gəldiyim, Diasporla İş üzrə Dövlət Komitəsinin təşkil etdiyi Zəfər Qurultayında iştirak etdiyim üçün özümü bəxtiyar hiss edirəm. Azərbaycan Prezidentinin Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunmağım mənim Vətən qarşısında məsuliyyətimi daha da artırır”, - deyən H.Nəcəfoğlu belə xoşbəxtliyi yaşadığına görə Prezident İlham Əliyevə və Dövlət Komitəsinin rəhbərliyinə minnətdarlığını ifadə edib.
Professorun sözlərinə görə, Zəfər Qurultayı Azərbaycan diasporunun tarixində yeni bir mərhələnin başlanğıcıdır. “Bu Qurultay onu göstərdi ki, Azərbaycan nəinki siyasi sərhədlərinə, hətta mədəniyyət sərhədlərinə belə sığmır. Bu sərhədlər içində və xaricində yaşayan azərbaycanlılar alnı açıq, üzü gülər, başı dik yaşayırlar. Prezident İlham Əliyevin göstərdiyi hədəflərə çatmaq üçün diaspor təşkilatlarımızın fədakarlıqla çalışacağına, 44 günlük müharibə dövründə olduğu kimi, postmüharibə dönəmində də dövlətimizin başçısının rəhbərliyi ilə xalqımızın milli birliyimizi qoruyacağına inanıram”,- deyə Hacalı Nəcəfoğlu qeyd edib.

Diaspor 2022-04-25 17:41:00