×
A
A
A
Sazlamalar

Prezident İlham Əliyev: Elə etməliyik ki, erməni faşizmi bundan sonra heç vaxt baş qaldırmasın

Bakı, 25 aprel, AZƏRTAC

Bəli, biz deyirik ki, sülh olmalıdır. Ancaq heç vaxt erməni vəhşiliyini, erməni faşizmini unutmamalıyıq. Xocalı qurbanlarını unutmamalıyıq. Gəncə qurbanlarını, digər şəhərlərimizin qurbanlarını heç vaxt unutmamalıyıq və unutmayacağıq. Onların müqəddəs ruhu qarşısında baş əyərək bir daha deyirik ki, onların qanı yerdə qalmadı. Onların yaxınları üçün bəlkə də bu, təsəlli ola bilər. Eyni zamanda, deyirik ki, biz müzəffər xalqıq, biz qalib dövlətik. Erməni faşizminin məğlub etdik. Elə etməliyik ki, erməni faşizmi bundan sonra heç vaxt baş qaldırmasın.
AZƏRTAC xəbər verir ki, “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin çapdan yeni çıxmış 117-cı kitabında yer alan bu fikirləri dövlətimizin başçısı 2022-ci il yanvarın 30-da Gəncədə Azərbaycan Dövlət İnformasiya Agentliyinə - AZƏRTAC-a müsahibəsində söyləyib.
Çoxcildliyin bu kitabındakı materiallar 2022-ci ilin yanvar-fevral aylarını əhatə edir.
Kitaba Azərbaycan Prezidentinin Rusiyaya rəsmi səfəri, Prezident Vladimir Putin ilə görüşü haqqında məlumat, iki ölkənin liderlərinin imzaladığı “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə”nin, Rusiya və Azərbaycan prezidentlərinin mətbuata bəyanatlarla çıxışlarının mətnləri, dövlətimizin başçısının TASS agentliyinin mənzil-qərargahında “Rusiya və Azərbaycanın diplomatik münasibətlərinin 30 ili TASS və AZƏRTAC-ın fotolarında” adlı ekspozisiya ilə tanışlığı, həmçinin səfər çərçivəsində digər tədbirlər barədə informasiyalar daxil edilib.
Prezident İlham Əliyevin Ukraynaya işgüzar səfəri, Prezident Volodimir Zelenski ilə görüşünə və sənədlərin imzalanmasına dair materiallar, mətbuata bəyanatlar da bu nəşrdə yer alıb.
Regionların inkişafını daim diqqət mərkəzində saxlayan Prezident İlham Əliyev 2022-ci il yanvarın 30-da Gəncəyə səfər edib, Dövlət Dram Teatrının yeni binasının, Gəncə regional “ASAN xidmət” Mərkəzinin açılışlarında, Gəncə Memorial Kompleksinin təməlqoyma mərasimində və digər tədbirlərdə iştirak edib. Bütün bunlar haqqında xəbərlər və dövlətimizin başçısının Gəncədə AZƏRTAC-a müsahibəsinin mətni, eləcə də fevralın 13-də Ağdam və Ağcabədi rayonlarına səfəri ilə bağlı geniş informasiyalar yeni kitabda toplanıb.
Oxucu 117-ci cilddə Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 30 illiyinə və Prezident İlham Əliyevin 60 illik yubileyinə həsr olunmuş və “Rossiya 24” telekanalında yayımlanmış “Hakimiyyət formulu” verilişinin mətni ilə də tanış ola bilər.
Həmçinin yeni kitaba dövlətimizin başçısının Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkətinin ölkəmizdə inşa edəcəyi “Xızı-Abşeron” külək elektrik stansiyasının təməlqoyma mərasimində, “Cənub Qaz Dəhlizi” məşvərət şurası çərçivəsində nazirlərin VIII toplantısında, Azərbaycan Gəncləri Gününün 25 illiyinə həsr olunmuş Gənclər Forumunda və digər tədbirlərdə çıxışlarının, habelə “Qobu” Enerji Qovşağının açılışından sonra AZƏRTAC-a müsahibəsinin mətnləri daxil edilib.
Nəşrdə Azərbaycan Prezidentinin Türkiyə Prezidentinə, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş nazirinə, İki Müqəddəs Ocağın xadimi, Səudiyyə Ərəbistanı Kralına həmin ölkələrlə respublikamız arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə ünvanlandığı məktublar da verilib.
“Azərnəşr” tərəfindən buraxılan çoxcildliyin 117-ci kitabının hazırlanmasında Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) materiallarından istifadə olunub.

Daxili siyasət 2022-04-25 14:50:00