×
A
A
A
Sazlamalar

İtaliya mətbuatı Şuşadakı Zəfər Qurultayından yazıb

Roma, 24 aprel, AZƏRTAC

İtaliyanın aparıcı kütləvi informasiya vasitələri aprelin 22-də Şuşa şəhərində keçirilən Dünya Azərbaycanlılarının V Qurultayını – Zəfər Qurultayını geniş işıqlandırıb.
AZƏRTAC xəbər verir ki, “Askanews”, “Yahoo Notizie”, “Kmetro0”, “Agenzia Nova” kimi mətbuat orqanlarında dərc edilən yazılarda Azərbaycan Prezidenti İlham Əliyevin qurultaydakı geniş nitqindən sitatlara yer verilib. Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının V Qurultayının Qarabağda keçirilməsinin əhəmiyyətini qeyd edərkən deyib: “Biz bu gün azad Qarabağda, azad Şuşada Dünya Azərbaycanlılarının Qurultayını keçiririk. Bu qurultayın adı Zəfər qurultayıdır və bu, təbiidir. Çünki tarixi Zəfərdən sonra ilk dəfədir ki, dünya azərbaycanlıları toplaşır, qurultay keçirir...”.
Yazılarda Prezident İlham Əliyevin öz çıxışında ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə ilk qurultayın 2001-ci ildə keçirildiyini xatırlatdığı və Ümummilli Liderin fikirlərini qeyd etdiyi bildirilib: “Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək, işğal altında olan torpaqlar işğaldan azad ediləcək və Azərbaycan xalqı öz dədə-baba torpaqlarına qayıdacaqdır”.
“Biz - Ulu Öndərin davamçıları bu sözləri gerçəyə çevirdik..”, - deyə Prezident İlham Əliyev qurultay iştirakçıları qarşısında çıxışında vurğulayıb.
Yazılarda Azərbaycan Prezidentinin erməni işğalı zamanı Şuşada törədilən dağıntılardan bəhs etdiyi, hazırda şəhərin yenidən dirçəlişi istiqamətində çox geniş işlər görüldüyünü, Şuşada keçirilən qurultayın böyük tarixi mənası olduğunu və bu gün Azərbaycanın yeni dövrə qədəm qoyduğunu bildirdiyi qeyd edilib.

Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma

Diaspor 2022-04-24 06:42:00