×
A
A
A
Sazlamalar

® “AzerTelecom” və “Sparkle” “Rəqəmsal İpək Yolu” layihəsi çərçivəsində əməkdaşlıq edəcək

İtaliyanın ilk beynəlxalq xidmət provayderi və dünyanın aparıcı operatorlarından biri olan “Sparkle” şirkəti ilə Azərbaycanın aparıcı topdansatış telekommunikasiya operatoru “AzerTelecom” şirkəti arasında Azərbaycan vasitəsilə Avropa və Asiyanı birləşdirən rəqəmsal telekommunikasiya dəhlizinin yaradılması məqsədini daşıyan “Rəqəmsal İpək Yolu” layihəsi çərçivəsində əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.

2020-ci ildə “Global Strategic Infrastructure Leadership Forum”u çərçivəsində Asiyanın ən yaxşı beş strateji infrastruktur layihəsindən biri seçilən “Rəqəmsal İpək Yolu” layihəsi “NEQSOL Holding”in təşəbbüsü ilə “AzerTelecom” şirkəti tərəfindən həyata keçirilir. Layihənin məqsədi Azərbaycanda informasiya texnologiyalarının və rəqəmsal ekosistemin inkişafı, eləcə də ölkəni regionun rəqəmsal mərkəzinə çevirməkdir.
“Capacity Middle East 2022” qlobal telekommunikasiya tədbiri zamanı imzalanmış sənəd çərçivəsində, tərəflər yeni biznes imkanlarını qiymətləndirmək, Mərkəzi Asiya ilə Avropa arasında yeni iki tərəfi ötürmə qabiliyyətli dəhlizin birgə yaradılması və idarəedilməsi imkanlarını araşdırmaq, eləcə də “Sparkle” şirkətinin Türkiyədən İtaliyaya və bütün əsas Avropa mərkəzlərinə qədər uzanan mövcud magistral infrastrukturundan istifadə barədə razılığa gəliblər.
“Rəqəmsal İpək Yolu layihəsi telekommunikasiya sahəsində regional əməkdaşlıq üçün yeni imkanlar açır. Layihə Avropa və Asiya arasında ən qısa olacaq yeni rəqəmsal marşrut yaratmağa imkan verir. İnanırıq ki, yeni marşruta böyük maraq göstərən “Sparkle” şirkəti ilə əməkdaşlığımız şirkətlərimiz üçün faydalı olacaq və regionda rəqəmsallaşmanın sürətləndirilməsinə kömək edəcək”, - deyə “AzerTelecom” şirkətinin Direktorlar Şurasının sədri Fuad Allahverdiyev bildirib.
“Operatorlar arasında əməkdaşlığın mühüm əhəmiyyət kəsb etdiyi sənaye kontekstində biz qlobal rəqəmsal rabitədə dayanıqlılıq və təhlükəsizliyə artan ehtiyaca cavab verərək performansı yaxşılaşdırmaqla yanaşı, mövcud olan marşrutlara şaxələndirmə əlavə edən Avropa və Asiya arasında bu yeni marşrutda “AzerTelecom” ilə “Rəqəmsal İpək Yolu” layihəsinə qoşulmaqdan çox məmnunuq”, – deyə “Sparkle” şirkətinin baş icraçı direktoru Elisabetta Romano deyib.
“NEQSOL Holding”in tərkibinə daxil olan “AzerTelecom” Azərbaycanı qlobal internetə birləşdirən aparıcı topdansatış telekommunikasiya operatorudur. “NEQSOL Holdinq” səkkiz ölkədə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti kimi sahələrdə fəaliyyət göstərən çoxşaxəli şirkətlər qrupudur. “AzerTelecom” haqqında daha ətraflı məlumatı şirkətin tviter and linkedində profillərini izləməklə və ya “www.azertelecom.az” saytına daxil olmaqla əldə etmək olar.
“Sparkle” Avropadan Afrikaya, Amerika və Asiyaya qədər uzanan 600 min kilometrdən çox fiber-optik kabeldən ibarət magistrala malik İtaliyanın ilk beynəlxalq xidmət təminatçısı və dünyanın aparıcı şirkətlərindən biri olan bütövlüklə “TIM Group”a məxsus qlobal operatordur.
Qlobal IP, məlumat, bulud texnologiyaları, məlumat mərkəzi, mobil məlumat və səs platformalarından istifadə edərək “Sparkle” müəssisələr, Internet Xidmət Təminatçıları, OTT-lər, media və məzmun pleyerləri, tətbiq xidmət təminatçıları, həmçinin sabit və mobil şəbəkə operatorları üçün İKT həllərinin tam çeşidini təklif edir. Onun satış komandası bütün dünyada aktivdir və 32 ölkədə fəaliyyət göstərir. “Sparkle” haqqında ətraflı öyrənmək üçün şirkətin tviter və linkedin profillərinə və ya “tisparkle.com” saytına daxil ola bilərsiniz.

 

İKT 2022-04-21 12:19:00