×
A
A
A
Sazlamalar

Allergiyaya səbəb olan qida məhsulları

Bakı, 21 aprel, AZƏRTAC

Bəzi allergiyalar mövsümi xarakter daşıdığından yaz və payız aylarında özünü daha qabarıq büruzə verir. Allergiya mövsümi qidalarda da özünü göstərir. Əsasən qida qəbul etdikdən 2 dəqiqə sonra başlayır və 2 saat müddətində meydana çıxır.
AZƏRTAC xəbər verir ki, Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssisi Cəmilə Hacızadə deyib: “Allergiyaya səbəb, ilk növbədə, inək südünü misal göstərmək olar. İnək südü xüsusən 2 yaşlı uşaqlarda daha çox rast gəlinən qida allergiyalarından biridir. Qida allergiyasına səbəb olan məhsullardan biri də yumurtadır. Bəzi şəxslərdə yumurtanın sarısına qarşı daha çox allergiya olsa da, yumurtanın ağında daha çox qida allergenləri olduğu müəyyən edilib”.
Dəniz məhsulları geniş yayılmış qida allergenlərindən biridir. Bir çox meyvə-tərəvəzə qarşı da allergiya yarana bilir. Yaşıl rəngli meyvələr çox az miqdarda allergenlərə malik olsa da, sarı, qırmızı və narıncı rəngli meyvələrdə bu miqdar daha çoxdur. “Xüsusilə fındıq, fıstıq, qoz, badam daha çox allergiyaya səbəb olur. Onların arasında yerfındığı daha çox əhəmiyyət kəsb edir, çünki onun 50 faizi kəskin şəkildə qida allergiyasına, hətta potensial ölüm həddinə aparıb çıxara bilər. Böyüklər arasında yerfındığına qarşı allergiya 1-2 faiz hallarda rast gəlinsə də, uşaqlar arasında 4-8 faizə qədər olur”, - deyə mütəxəssis əlavə edib.
Qida allergiyası əsasən həzm pozuntularına səbəb olur. Boğulma, xəstənin vəziyyətində ağırlaşma baş verərsə, həkimə müraciət edilməlidir.
Həkim-terapevt Mətanət Cəfərova deyib: “Bəzən allergiya verməyən qidalar da allergiya törədə bilər. Bu, adətən irsi yolla ola bilər. Anada və ya atada qidaya qarşı allergiya varsa, onların ovladlarında ona rastgəlmə tezliyi iki dəfə daha çox olur, hər iki valideyndə allergiya varsa, dörd dəfə daha çox olaraq uşaqlarda rast gəlinə bilər. Ümumən allergiyaya xas olan xüsusiyyətlər, əllərdə səpgilər baş verə bilər, eyni zamanda, ürəkbulanma, köp, ishal kimi əlamətlərlə özünü büruzə verir. Ağır hallarda isə qida allergiyası boğulmaya, təngnəfəsliyə, hətta komaya səbəb ola bilər”.
Həmin xəstəliyə qarşı ən təsirli mübarizə allergenli qidaların başqa məhsullarla əvəz edilməsidir. Həmçinin alıcılar bu mövsümdə qida alarkən etiket qaydaları ilə tanış olmalı, allergiyaya səbəb olacaq maddələr barədə məlumat almalıdırlar.

Sağlamlıq klubu 2022-04-21 11:50:00