×
A
A
A
Sazlamalar

Radiasiya Problemləri İnstitutu “TEKNOFEST Azərbaycan” Festivalında iki eksponatla təmsil olunacaq

Bakı, 20 aprel, AZƏRTAC

AMEA Radiasiya Problemləri İnstitutu mayın 26-29-da Bakıda keçiriləcək “TEKNOFEST Azərbaycan” Aviasiya, Kosmos və Texnologiya Festivalı çərçivəsində keçiriləcək sərgidə akademiya üçün ayrılmış pavilyonda iki eksponatla təmsil olunacaq.
Akademiyadan AZƏRTAC-a bildirilib ki, bu barədə Radiasiya Problemləri İnstitutunun (RPİ) baş direktoru akademiyanın müxbir üzvü İslam Mustafayev məlumat verib.
İ.Mustafayev əhalinin və ətraf mühitin radiasiya təhlükəsizliyinin təmin edilməsinin alimlər qarşısında duran əsas vəzifələrdən olduğunu deyib, rəhbərlik etdiyi institutda radiasiya təhlükəsizliyi sahəsində zəngin təcrübənin formalaşdığını, uzun illərdir müvafiq istiqamətdə tədqiqatların aparıldığını və yüksəkixtisaslı mütəxəssislərin yetişdirildiyini bildirib. O, radiasiya təhlükəsizliyi sahəsində müasir texnologiyaların tətbiqi ilə kompleks multidisiplinar tədqiqatların aparıldığını diqqətə çatdırıb. Qeyd edilib ki, təqdim olunacaq eksponatlardan biri institutun mütəxəssislərinin keçilməz və təhlükəli dağ relyefində radiasiya monitorinqini aparmaq üçün hazırladığı cihazdır. Bu cihaz pilotsuz uçuş aparatlarının üzərində yerləşdirilmiş radiometrdən ibarətdir.
“Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən təşkil edilən ekspedisiyalar çərçivəsində institut nümayəndələrindən ibarət qrup işğaldan azad olunmuş torpaqlarımızın minalardan təmizlənmiş ərazilərində il yarım ərzində 8 dəfə radioekoloji monitorinqlər aparıb”, - deyə İ.Mustafayev bildirib. Onun sözlərinə görə, keçilməz relyeflərdə radiasiya monitorinqinin tam mənzərəsini əldə etmək üçün bu prosesin pilotsuz uçuş aparatları üzərində proqramla təmin edilmiş radiasiya səviyyəsini ölçən cihaz – radiometrin yerləşdirilməsi ilə həyata keçirilməsi zəruridir. O, hazırda institutun gənc alimlərindən ibarət xüsusi qrupunun bu cihazın prototipinin hazırlanması üzərində işlədiyini və cihazın “TEKNOFEST Azərbaycan” festivalında nümayiş etdirilməsinin nəzərdə tutulduğunu söyləyib.
Alim institutun festival çərçivəsində keçiriləcək sərgidə təşkil olunan AMEA pavilyonunda təqdim edəcəyi digər qurğunun analoqlarından texniki parametrlərinə görə fərqləndiyini diqqətə çatdırıb. Bildirib ki, cihaz yol tikintisi, mədən işləri və s. xüsusi məqsədlər üçün partlayıcı maddələrin uzaqdan idarə olunmasına imkan verən müxtəlif zəruri proqramlarla təchiz olunub.
İslam Mustafayev institut alimləri tərəfindən hazırlanmış bu texnoloji həllərin yüksək texniki göstəricilərə və geniş imkanlara malik olduğunu vurğulayıb, “TEKNOFEST Azərbaycan” Aviasiya, Kosmos və Texnologiya Festivalının ən müasir texnoloji qurğuların ölkə ictimaiyyətinə təqdimatı, eləcə də gələcək əməkdaşlıqlar üçün mühüm platforma olduğunu qeyd edib.

Texnologiya 2022-04-20 16:16:00