×
A
A
A
Sazlamalar

“Cəmşid Naxçıvanski adına Hərbi Lisey günü” təntənə ilə qeyd edilib

Bakı, 20 aprel, AZƏRTAC
Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yarandığı gün şəxsi heyətin yay tətilinə təsadüf etdiyindən hərbi lisey gününün nə vaxt qeyd edilməsi həmişə problemlər yaradırdı.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, müdafiə naziri general-polkovnik Zakir Həsənovun “Cəmşid Naxçıvanski adına Hərbi Lisey günü”nün qeyd edilməsi haqqında 2014-cü il 5 aprel tarixli əmrinə əsasən artıq doqquz ildir ki, 19 aprel günü hərbi lisey günü kimi təntənəli şəkildə qeyd edilməkdədir.
Bu günün seçilməsi heç də təsadüfü deyildir. Ulu öndər Heydər Əliyev 2003-cü il həmin gün sonuncu dəfə banisi olduğu bu möhtəşəm təhsil ocağını ziyarət edib, şəxsi heyətlə görüşüb, onların qarşısında çıxış edərək zabit-müəllim heyətinə uğurlar arzulayıb, gələcəyin sərkərdələrinə xeyir-dua verib və məktəbə döyüş bayrağı təqdim edib.
Aprelin 19-da Müdafiə Nazirliyinin rəsmiləri, məktəbin yetirməsi olan Vətən Müharibəsi qəhrəmanları, veteranlar, şəhid ailələrinin üzvləri, ictimaiyyət nümayəndələri məktəbi ziyarət edərək hərbi lisey günü münasibətilə keçirilən tədbirlərə qatılıblar.
Əvvəlcə Heydər Əliyev Mərkəzi ziyarət olunub, Ulu Öndərin büstü önünə qızılgül çələngi qoyulub, xatirəsi ehtiramla anılıb. Ziyarətçilərə muzeyin zəngin ekspozisiyası barədə ətraflı məlumat verilib. Əbədiyaşar Ali Baş Komandanın həyat və fəaliyyətinin müxtəlif anlarını əks etdirən tarixi sənədlər, fotolar, kitablar, videosüjetlər böyük maraq oyadıb. Heydər Əliyev Mərkəzinin xatirə kitabına ziyarətçilər adından ürək sözləri yazılıb.
Sonra hərbi lisey şəhərciyində xalqımızın igid oğlu Cəmşid Naxçıvanskinin şərəfinə ucaldılan abidə qarşısına çələng qoyulub.
Hərbi lisey rəisi vəzifəsini icra edən polkovnik Saday Balayev nazirliyin Şəxsi Heyət Baş İdarəsi rəisinin müavini – Kadrlar İdarəsinin rəisi general-mayor Elçin Xəlilova şəxsi heyətin təntənəli mərasimə hazırlığı barədə məruzə edib.
General-mayor E.Xəlilov şəxsi heyəti salamlayıb və onları hərbi lisey günü münasibətilə təbrik edib.
Təntənəli mərasim başlamazdan əvvəl ümummilli lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi uğrunda şəhidlik zirvəsinə ucalan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla anılıb, Dövlət Himni ifa olunub.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun hərbi liseyin şəxsi heyətinə ünvanladığı təbrik məktubu tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
General-mayor E.Xəlilov çıxış edərək deyib: “Azərbaycanın gələcəkdə müstəqil dövlətə çevriləcəyini öncədən görərək Milli Ordumuzun zabitlərini yetişdirmək məqsədilə dahi Heydər Əliyevin yaratdığı bu lisey ulu öndərimizin xalqımıza bəxş etdiyi möhtəşəm abidələrdən biridir. Ümummilli Lider 1969-cu ildə Azərbaycana rəhbərlik etdiyi ilk gündən gənclərimizin ali hərbi məktəblərə daha çox göndərilməsi və hərbi vətənpərvərlik tərbiyəsi işinin daha da yüksəldilməsi məsələlərini ön plana çəkib və bu sahədə məqsədyönlü fəaliyyət göstərib. Keçmiş Sovetlər İttifaqında milli zabit kadrlarının yetişdirilməsinə hesablanmış belə bir məktəbi yalnız gələcəyi öncədən görən, xalqının, millətinin gələcəyini düşünən Heydər Əliyev kimi şəxsiyyətlər yarada bilərdi və yaratdı da”.
Qeyd edilib ki, 51 il əvvəl göstərilən bu təşəbbüs bu gün bəlkə də bir qədər adi görünə bilər. Lakin sovet ideologiyasının hakim olduğu bir dövlətdə bu, heç kəsin xəyalına belə gəlməz və heç kim bu ağır yükün məsuliyyətini öz üzərinə götürməzdi. Belə bir analoqsuz məktəbi Heydər Əliyev yaratdı. Nəinki yaratdı, uşaq kimi qayğısına qalaraq böyütdü, qorudu və ərsəyə çatdırıb 30 illik yubileyində şəxsən iştirak etdi. İllər ötdükdən sonra Ulu Öndər deyib: “Mən Azərbaycanda əvvəllər heç vaxt oxşarı, analoqu olmayan ixtisaslaşdırılmış hərbi orta məktəb yaratmaq haqqında fikir irəli sürdüm. Bu məktəbi yaratdıq. Doğrudan da, mənim həyatımda gördüyüm işlər içərisində bu addımı, bu işi, bu təşəbbüsü şəxsən özüm çox yüksək qiymətləndirirəm”.
Diqqətə çatdırılıb ki, Heydər Əliyev hərbi liseyi doğma övladı qədər sevər, bir an belə diqqət və qayğısını bu məktəbdən əsirgəməzdi. O, yaxşı bilirdi ki, bu məktəb Azərbaycanın gələcəyi üçün mühüm əhəmiyyət kəsb edən təhsil ocağıdır. Bu ocaqdan gələcəyin azərbaycanlı zabitləri, generalları pərvazlanacaq, Vətənin etibarlı müdafiəçiləri olacaqlar.
Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra “Naxçıvanskilər” Vətənə döndülər. Onlar respublikamızın müstəqilliyi, ərazi bütövlüyünün təmin olunması uğrunda gedən döyüşlərdə əsl qəhrəmanlıq nümunələri göstərdilər. Hərbi liseyin yetirmələrindən 11 nəfər “Azərbaycanın Milli Qəhrəmanı”, 19 nəfər “Vətən Müharibəsi Qəhrəmanı” fəxri adlarına, yüzlərlə məzun isə Azərbaycan Respublikasının müxtəlif orden və medallarına layiq görüldü. Təkcə Vətən müharibəsi cəbhələrində məktəbin yetirmələrindən 100-dən çox zabit şəhidlik zirvəsinə ucaldı. Hazırda respublikamızın Silahlı Qüvvələrində hərbi liseyin yetirməsi olan yüzlərlə zabit, general Vətənə xidmətini şərəflə davam etdirir.
Təntənəli mərasimdə vurğulanıb ki, hərbi lisey bu gün də Azərbaycan Prezidenti, Müzəffər Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin və Müdafiə Nazirliyi rəhbərliyinin daimi diqqət və qayğısı ilə əhatə olunub. Şəhərcikdə yenidənqurma və əsaslı təmir işləri yüksək səviyyədə başa çatdıqdan sonra dövlətimizin başçısı məktəbi ziyarət edib, görülən işləri yüksək qiymətləndirib və şəxsi heyət qarşısında çıxış edərək burada təhsil alan kursantlara və çalışan müəllimlərə Vətənin qorunması işində həmişə fəal olmağı, öz güclərini göstərməyi arzulayıb.
“Cəmşid Naxçıvanski adına hərbi liseyin 50 illik yubileyinin qeyd edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamından irəli gələn vəzifələr də müvəffəqiyyətlə həyata keçirilib.
Hərbi liseyin zabit və müəllim kollektivi ulu öndər Heydər Əliyevin ideyalarına həmişə sadiqdir, gələcəyin peşəkar zabit kadrlarının yetişdirilməsi üçün üzərilərinə düşən müqəddəs vəzifənin öhdəsindən layiqincə gəlirlər.
Məktəbin ilk məzunlarından olan iki dəfə “Azərbaycan Bayrağı” ordenli ehtiyatda olan polkovnik Şair Ramaldanov çıxış edərək məktəblə bağlı xatirələrini, 1974-cü ildə Heydər Əliyevlə ilk görüşü barədə təəssüratlarını şəxsi heyətlə bölüşüb.
Hərbi orkestrin müşayiəti ilə “Naxçıvanskilər” marşı ifa olunub.
2003-cü il aprelin 19-da ulu öndər Heydər Əliyevin hərbi liseyə təqdim etdiyi döyüş bayrağı altında şəxsi heyətin tribuna önündən fəxri keçidindən sonra Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbanin layihəsi əsasında “Cəmşid Naxçıvanski adına hərbi lisey – Böyük gələcəyə baxış” adlı teatrlaşdırılmış kütləvi tədbir başlanıb.
Tədbirdə müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisinin əmri ilə təltif olunan zabit-müəllim heyətindən bir qrupuna təşəkkür elan edilib, fəxri fərman və qiymətli hədiyyələr təqdim olunub.
Məktəbin məzunları, şəhid valideynləri, pedaqoji kollektivin üzvləri çıxış edərək xalqımızın haqlı olaraq “Heydər Əliyev məktəbi” adlandırdığı bu təhsil ocağının əhəmiyyətindən, ordu quruculuğundakı müstəsna rolundan bəhs edib, göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.
Abdulla Qurbaninin Cəmşid Naxçıvanski adına Hərbi Liseyin 50 illik yubileyinə həsr etdiyi “Böyük gələcəyə baxış” adlı kitabının təqdimatı olub və ilk nüsxələr təhsildə, təlimdə fərqlənən kursantlara, müəllimlərə, zabitlərə və qonaqlara hədiyyə edilib.
Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin və “Səda” uşaq rəqs ansamblının iştirak etdiyi “Böyük gələcəyə baxış” adlı ədəbi-musiqili-xoreoqrafik kompozisiya ilə tədbir başa çatıb.

Ordu 2022-04-20 12:55:00