×
A
A
A
Sazlamalar

Fərid Abbasov: Dünya Azərbaycanlılarının V Qurultayının Şuşada keçirilməsi mənəvi, tarixi və siyasi əhəmiyyətə malikdir

Roma, 18 aprel, AZƏRTAC

Dünya Azərbaycanlılarının V Qurultayının Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qüdrətli Ordumuzun düşmən işğalından azad etdiyi Şuşa şəhərində keçirilməsi mənəvi, tarixi və siyasi əhəmiyyət daşıyır.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Azərbaycan-İtaliya Birliyinin rəhbəri Fərid Abbasov deyib.
O bildirib ki, hazırda Azərbaycanın müxtəlif ölkələrdə 500-dək diaspor təşkilatı fəaliyyət göstərir. 44 günlük Vətən müharibəsi dövründə bütün diaspor təşkilatları birləşərək müxtəlif məlumatlandırıcı aksiyalar və mitinqlər təşkil etdi. Həmin ölkələrdən biri də İtaliya idi. 44 günlük Vətən müharibəsi dövründə İtaliya parlamentinin Deputatlar Palatasının binasının qarşısında aksiya təşkil olundu, həmçinin Roma, Milan və Venesiya şəhərlərində müxtəlif məlumatlandırıcı tədbirlər keçirildi. Biz, eyni zamanda, fəaliyyətimizi kütləvi informasiya vasitələri ilə də davam etdirdik.
“Dünya Azərbaycanlılarının V Qurultayının ölkəmizin mədəniyyət paytaxtı olan Şuşa şəhərində keçirilməsi mənəvi, tarixi və siyasi əhəmiyyətə malikdir. Bundan öncəki qurultaylarda diaspor təşkilatlarının fəaliyyətinin əsasən doğma torpaqlarımızın ermənilər tərəfindən işğalına son qoyulması istiqamətində qurmasına dair müzakirələr aparırdıq. Şuşada keçiriləcək Dünya Azərbaycanlılarının V Qurultayında isə biz artıq postmüharibə dövründə Azərbaycan diasporunun fəaliyyət istiqamətləri və qarşıda duran vəzifələri müzakirə edəcəyik. Eyni zamanda, Qarabağın bərpası və yenidən qurulmasında Azərbaycan diasporunun rolu və bununla bağlı fəaliyyətlərə dair fikir mübadiləsi aparacağıq. Düşünürəm ki, dövlətimizin başçısı tərəfindən qarşımıza yeni tapşırıq və vəzifələr qoyulacaq. Biz də çalışacağıq ki, bu tapşırıq və vəzifələri layiqincə yerinə yetirək, əsasən də informasiya müharibəsində mübarizəmizi daha da genişləndirək, ermənilərin Qarabağda törətdikləri vəhşilikləri, soyqırımı aktlarını dünya ictimaiyyətinə geniş şəkildə çatdıraq”, - deyə F.Abbasov vurğulayıb.

Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma

Diaspor 2022-04-18 18:52:00