×
A
A
A
Sazlamalar

Əlqurutma aparatı vasitəsilə əllər ən azı 45 saniyə ərzində qurudulmalıdır

Bakı, 16 aprel, AZƏRTAC

Texnologiya inkişaf etdikcə hər şeyə daha ən əsası da enerji ilə çalışa bilən çarələr tapılır. Olduqca səsli-küylü və daha çox vaxt alan əlqurutma aparatları da həmin texnoloji yeniliklərdən biridir. Doğrudur, iri ticarət obyektlərində onlar iqtisadi cəhətdən daha sərfəli hesab edilsə də, gigiyenik cəhətdən təhlükəsizliyi diqqətdən kənarda qalır.
Hər kəsin əlində 150-yə yaxın bakteriya növü yaşayır. Onları məhv etmək üçün təkcə əlləri yumaq kifayət deyil, onu qurulamaq da mütləqdir, çünki yaş əllər mikrobların çoxalması üçün şərait yaradır.
AZƏRTAC xəbər verir ki, Səhiyyə Nazirliyinin ekspert mütəxəssisi, həkim-infeksionist Təyyar Eyvazovun dediyinə görə, əlqurutma aparatları ilə bağlı narahatlığa əsas yoxdur: “Əlləri həmin aparata yaxınlaşdıranda dərhal işə düşür və ona toxunmadan isti hava kütləsi əlləri qurudur. Aparat saz və normal olmadıqda əlləri həmin aparata toxundurduqda infeksiyanın keçməsi mümkündür. Əksər hallarda aparatlar kifayət qədər gigiyenikdir və yoluxma mənbəyi deyil”.
Lakin burada diqqət etmədiyimiz daha bir mühüm məqam var. Belə ki, həmin aparat vasitəsilə əlləri 45 saniyə və daha çox müddətdə qurutmaq lazımdır. Araşdırmalar göstərir ki, çox hallarda əlləri aparatda 20 saniyədən bir az artıq qurutmaqla kifayətlənirlər.
Həmin cihazlarla əlləri tam şəkildə qurutmağa səbir çatmırsa, onda kağız dəsmallar daha əlverişlidir. Salfetlər əlləri qurutmaqla yanaşı əldəki bakteriyaların bir qismini də silib aparır.

 

Sağlamlıq klubu 2022-04-16 16:15:00