×
A
A
A
Sazlamalar

Ədalət Verdiyev: Hərbi məsələlərə zəruri miqdarda maliyyə vəsaitinin ayrılması Prezidentin ordu quruculuğuna qayğısının göstəricisidir

Bakı, 14 aprel, AZƏRTAC
Aparılan döyüş əməliyyatları, genişmiqyaslı manevrlər, hətta təlimlər Azərbaycan Ordusunda müəyyən ştat struktur dəyişikliklərini labüd edirdi. Qırx dörd günlük Vətən müharibəsində aparılan əməliyyatların təhlili əsasında Azərbaycanda mühüm ordu islahatlarına start verildiyini müşayiət etmişdik. Bu təhlil imkan verdi ki, gələcəkdə ordu quruculuğu işi real vəziyyətə əsaslanaraq aparılsın. Orduda ən çox diqqəti cəlb edən islahatlardan birincisi yeni quru qoşun növlərinin yaradılmasından ibarət idi. Bu qoşun növlərinin yaradılması ilə Azərbaycanda mövcud olan bütün motoatıcı, tank bölmələri, hissələri və birlikləri tamamilə quru qoşunlarının tabeliyinə verilib.
Bu fikirləri Prezident İlham Əliyevin sədrliyi ilə aprelin 12-də keçirilmiş bu ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədə səsləndirdiyi fikirləri şərh edən hərbi ekspert Ədalət Verdiyev AZƏRTAC-a açıqlamasında ifadə edib.
Hərbi ekspert bildirib ki, ikinci mühüm əhəmiyyətli addım Türkiyə ordu modelinə keçidlə əlaqədar Komando hərbi hissələrinin yaradılmasından ibarətdir. Bu hərbi hissələrinin yaradılması Xüsusi Təyinatlı Qüvvələr və Komando hərbi hissələri arasında xüsusi vəzifə və tapşırıqların bölünməsi prosesini başa çatdırıb. Bu hərbi hissələrin yaradılması xüsusi təyinatlıların yalnız strateji vəzifələri, komandoların isə taktiki və operativ dərinlikdə xüsusi təyinatlı vəzifələri yerinə yetirməsi ilə nəticələnib. “Komandoların sayı ildən-ilə artır. Mən iki həftə əvvəl Komando hərbi hissəsini ziyarət etdim. Hərbi hissədə bölmələrin döyüş uzlaşdırılması yekunlaşıb. Hərbi hissənin bölmələri və qrupları istənilən iqlim şəraitində və vəziyyətdə bütün vəzifələri yerinə yetirməyə tam hazırdır, - deyə hərbi ekspert qeyd edib.
O bildirib ki, bundan başqa, Prezident İlham Əliyev hər çıxışında Xüsusi Təyinatlı Qüvvələrin 44 günlük Vətən müharibəsində oynadıqları müstəsna rola diqqəti yönəldir. Görünən odur ki, dövlətimizin başçısı bu günədək olduğu kimi, gələcəkdə də Xüsusi Təyinatlı Qüvvələrin şəxsi heyətinin say tərkibinin artırılması ilə bağlı qərarı qəbul edib. Minlərlə tam hazırlıqlı döyüşçü artıq hazırlanıb. İkinci Qarabağ müharibəsində xüsusi qəhrəmanlıq göstərmiş Xüsusi Təyinatlı Qüvvələrin şəxsi heyətinin sayı artırıldı və artırılacaq. Hərbi məsələlərin həlli üçün nə qədər vəsait lazımdırsa, o qədər də vəsait ayrılır və ayrılacaq. Ümumiyyətlə, hərbiyə, yeni hərbi hissələrin yaradılması, yeni silahların, texnikaların alınması və yeni ştat strukturlarına keçid üçün zəruri miqdarda maliyyə vəsaitinin ayrılması Prezidentin ordu quruculuğuna, ordunun müasir silah və sistemlərlə təchizatına göstərdiyi qayğının daha bir göstəricisidir.
Ə.Verdiyev qeyd edib ki, Türkiyənin ordu modelinə keçiddən danışırıqsa, deməli, Azərbaycanın əldə edəcəyi silahlar daha çox Türkiyə ordusunda tətbiq edilən, NATO standartlarına uyğun olmalıdır. Bu silahların təchizatçıları arasında bizim ənənəvi silah tədarükçülərimiz olan Türkiyə və İsrailin yer alması təsadüfi deyil. Hazırda adları açıqlanmayan bir neçə silah sistemlərinin artıq Azərbaycana gətirildiyi, ordumuzun hissə və bölmələrinə təhvil verildiyi barədə məlumat mövcuddur.
“Ordu quruculuğunda atdığı böyük addımlar, silah və sursat təchizatından tutmuş yeni hərbi hissələrin və qoşun növlərinin yaradılması, mövcud olan xüsusi təyinatlıların hərbi hissələrinin sayının artırılması onu göstərir ki, Azərbaycan həm siyasi, həm diplomatik, həm də hərbi sahədə Ermənistana qarşı “yumşaq güc” tətbiqini bundan sonra da davam etdirəcək. Çünki Ermənistan sülh müqaviləsi imzalamayanadək özünün təhlükəsiziliyini təmin etmək üçün kimlərdənsə silah və sursat alınması üçün kreditlər axtarışında olmalıdır, yardımlar dilənməlidir. Ona görə dövlətimizin başçısı tərəfindən ordu quruculuğu sahəsində atılan bu addımlar, Silahlı Qüvvələrimizin müasirləşdirilməsi Ermənistan tərəfində də müəyyən mənəvi-psixoloji ruh düşkünlüyünə səbəb olacaq”, - deyə hərbi ekspert vurğulayıb.

Ordu 2022-04-14 17:57:00