×
A
A
A
Sazlamalar

“Superkompüterlər: iqlim dəyişikliklərinin proqnozlaşdırılması” mövzusunda elmi seminar

Bakı, 12 aprel, AZƏRTAC

AMEA İnformasiya Texnologiyaları İnstitutunun növbəti onlayn elmi seminarı keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, şöbənin əməkdaşı Orxan Mehdiyev “Superkompüterlər: iqlim dəyişikliklərinin proqnozlaşdırılması” mövzusunda məruzə ilə çıxış edib. O, rəqəmsal transformasiyanın real vaxt rejimində məlumatların toplanması və təhlili texnologiyaları, əşyaların interneti, kiberfiziki sistemlər, süni intellekt, bulud hesablamaları, eləcə də superhesablamalar məlumatlarının yaradılması, saxlanması, ötürülməsi və emalı sahəsində inqilab etdiyini diqqətə çatdırıb.
Məruzəçi bildirib ki, Ümumdünya Meteorologiya Təşkilatının məlumatına görə, son 50 ildə hava ilə bağlı təbii fəlakətlər 5 dəfə artıb. Ümumilikdə, 2020-ci il hava ilə bağlı 5-ci ən pis təbii fəlakət ili olub, qlobal temperatur baxımından həm quruda, həm də okeanda 1880-ci ildən bəri ən isti ikinci il kimi yadda qalıb.
Tədqiqatçı məlumatların assimilyasiyası modelindən və məlumatın əlçatmaz olması problemlərindən də bəhs edib.
Sonda O.Mehdiyev superkompüterlərin hesablama gücü və yüksəkkeyfiyyətli müşahidələr hava və iqlim modellərinin təkmilləşdirilməsinə, məkan-zaman ayırdetmə qabiliyyətinin yaxşılaşdırılmasına, fiziki proseslərin daha yaxşı təqdimi və məlumatların mənimsənilməsi metodlarının təkmilləşdirilməsinə kömək etdiyini vurğulayıb. Əlavə edib ki, təkmilləşdirilmiş və dəqiq proqnozlar iqtisadiyyatın bir çox sahələrində itkilərin qarşısının alınması, resursların daha yaxşı idarə edilməsi və gəlir əldə etmək imkanlarının artırılması yolu ilə sosial və iqtisadi faydalar yaradır.
İnstitutun icraçı direktoru, şöbə müdiri texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov superkompüterlər və iqlim dəyişikliklərinin proqnozlaşdırılması mövzusunda beynəlxalq təcrübənin araşdırılmasının, məqalələrin hazırlanmasının zəruriliyini qeyd edib.

Texnologiya 2022-04-12 15:02:00