×
A
A
A
Sazlamalar

Qida məhsullarını soyuducuda saxlamaq qaydaları

Baki, 12 aprel, AZƏRTAC

Marketlərdən alış-veriş edəndən sonra alınan məhsulları uzun müddət təzə saxlamağa çalışmaq hər bir istehlakçının arzusudur. Bu zaman qidaları soyuducuya yerləşdirmək ən düzgün saxlama üsulu hesab edilir. Lakin bir çox məhsul soyuducuda nəinki təzə qalmır, hətta vaxtından tez xarab olur.
AZƏRTAC xəbər verir ki, həkim-terapevt Cahan Cavadova deyib: “Ekzotik meyvələr efir yağları ifraz etdiyindən onları soyuducuda saxlamaq məsləhət deyil. Digər meyvələrdən, məsələn, alma, armud kimi bərk meyvələri bir həftə ərzində soyuducuda saxlamaq mümkündür. Soyuducuda meyvə-tərəvəzlər üçün uyğun olan temperatur müsbət 4 dərəcədir”.
Yaz mövsümünün başlaması ilə əlaqədar market vitrinlərində və bazarlarda çiyələyə daha çox rast gəlmək mümkündür. Mütəxəssislər çiyələyi soyuducuda iki-üç gündən artıq saxlamağı məsləhət görmürlər. Ekzotik meyvələrdən banan, manqo, kivi soyuducuya qoyularkən etilen ifraz edir və üzərində yaranan kif mikrotoksinlərin inkişafına şərait yaradır.
“Dərmanla yetişdirilən meyvələri yumadan soyuducuda saxlayanda əsasən onların üzərində əmələ gələn zərərli maddələr digər qidaların üzərinə çökərək mədə-bağırsaq sistemində problemlərə, qida zəhərlənmələrinə səbəb ola bilər”,- deyə müsahibimiz bildirib.
Süd məhsullarını soyuducuda saxlamaq və itkiyə getməməsi üçün bəzi məsləhətlərə əməl etmək lazımdır: “Pasterizə olunmamış süd üç-dörd gün, pasterizə olunan süd bir-iki gün müddətində, paket halında alınan ağzı bağlı süd otaq temperaturunda üç aya qədər, soyuducuda isə dörd aya qədər saxlanıla bilər”.
Kartof, çuğundur, yerkökü kimi məhsullar soyuducuda gigiyenik cəhətdən daha çox zərərə uğrayır. Onları otaq temperaturunda açıq şəkildə quru yeşiklərdə saxlamaq məsləhət görülür. Tərəvəzlər isə digər məhsullardan bir qədər kənarda və şüşəli dolablarda saxlanılmalıdır. Paketlərdə soyuducuya yerləşdirilən pomidorların dadı və qoxusu dəyişir. Bu da orqanizmdə bir çox problemlərə, eləcə də mədə-bağırsaq xəstəliklərinin yaranmasına səbəb olur. Həkim-terapevtin dediyinə görə, pomidor və meyvələri yuyulmadan soyuducuda saxlamaq məsləhət deyil, onları yuyub suyunu tam qurudandan sonra saxlanma qablarında soyuducunun aşağı bölümlərinə yerləşdirmək məsləhətdir. Ət, toyuq və balıq məhsulları onlarla bir arada olmamalıdır.
Dəniz məhsullarına üstünlük verənlər onları soyuducunun dondurucu dolabında bir neçə ay saxlaya bilərlər. Yaxşı olar ki, həmin qidalar qırmızı ət, eləcə də quş əyindən ayrı və qapalı qablarda saxlanılsın. Ümumiyyətlə, kəsilən heyvanın ətini digər ərzaqla qarışdırmamaq üçün mütləq ayrıca paketə qoymağa çalışmaq və soyuducunun ən soyuq hissəsində 2-4 dərəcə arasında saxlamaq lazımdır.

 

Sağlamlıq klubu 2022-04-12 13:36:00