×
A
A
A
Sazlamalar

Ramazan süfrələrinin əsas neməti olan xurmanın müstəsna faydaları

Bakı, 12 aprel, AZƏRTAC

Ramazan süfrələrinin başlıca nemətlərindən olan xurma qan şəkərinin bərpası, orqanizmin aclığa qarşı müqavimətinin artırılması, bədənin enerji dəyərinin yüksək saxlanılmasında müstəsna əhəmiyyətə malikdir. Buna səbəb xurmanın yüksək qidalılıq dəyəridir və bir ədəd quru xurma 20-28 kalori daşıyır. Bu dəyişiklik meyvənin növündən asılı olaraq dəyişir. Tərkibində A, K və B qrup vitaminləri, natrium, kalium, kalsium, dəmir, mis, maqnezium, manqan, fosfor və sink kimi minerallar, eyni zamanda antioksidantlar mövcuddur. Antioksidantlarla zəngin olması hüceyrələrin yenilənməsini, bədənin zərərli bakteriya və mikroblardan təmizlənməsini təmin edir. Xurmanın tərkibində dəmir mineralının miqdarının çoxluğu sayəsində qanda hemoqlobinin sintezi artır və bu da qanazlığının qarşısının alınmasına effektiv təsir göstərir. Tərkibindəki zəngin kalium mineralının mövcudluğu isə qan təzyiqinə qarşı faydalıdır.
AZƏRTAC xəbər verir ki, Qida Təhlükəsizliyi Agentliyinin hazırladığı maarifləndirici materialda bu barədə bəhs olunur.
Xurma meyvə şəkəri, zülal, karbohidrat və lif baxımından da olduqca zəngindir və bu zənginlik nəticəsində toxluq hissi yaradan xurma uzun müddət aclığa qarşı orqanizmin müqavimətini artırır. Norma daxilində istehlak edildiyi zaman arıqladıcı təsirə malikdir. Tərkibindəki zəngin maddələr sayəsində ürək-damar xəstəlikləri riskini azaldır, həzm sistemini tənzimləyir, həmçinin immun sistemin güclənməsi, göz, dəri və sümük sağlamlığının qorunmasında olduqca faydalı rola malikdir. Daşıdığı faydalı xüsusiyyətinə görə xurma hamilə və süd verən qadınlara, eyni zamanda xüsusilə uşaqlara tövsiyə olunur. Şəkərli diabet və piylənmədən əziyyət çəkənlər isə həkim tövsiyəsinə uyğun xurma istehlak edə bilərlər.
Meyvənin yalnız Ramazan ayında deyil, mütəmadi və norma daxilində istehlakı tövsiyə edilir. Xurma seçərkən ilk olaraq onun xarici görünüşünə diqqət yetirilməlidir. Xurma bütöv olmalı, ziyanvericilərin təsirinə məruz qalmamalıdır. Məhsulun keyfiyyət və təhlükəsizliyinə onun saxlanma şəraiti və temperaturu bilavasitə təsir edir. Xurmanın satışı zamanı mövcud ticarət qaydaları, gigiyenik norma və tələblərə ciddi riayət olunmalıdır. Açıq şəkildə satılan məhsula toz və kənar hissəcik, hətta mikroorqanizmlər asanlıqla nüfuz edə bilir. Qablaşdırılmış məhsul alarkən etiket məlumatları diqqətlə nəzərdən keçirilməlidir. Bəzən xurmanın hazırlanmasında süni şəkər olan qlükoza və dadlandırmaq üçün bir sıra süni dadlandırıcılardan istifadə hallarına yol verilir ki, belə məhsulun alınması tövsiyə olunmur. Qlükozanın xurmada istifadə edilməsinin bir çox səbəbi var. Məhsulun şirinliyi və dadını artırmaq, istehlakçını cəlb etmək məqsədilə parıltı vermək, köhnə xurmanı daha keyfiyyətli göstərmək üçün ondan istifadə edilir. Hazırlanmasında qlükoza istifadə edilmiş xurma daha parlaq görünür, şirəliliyi və yapışqanlığı normadan artıq olur. Uyğun şərait yaradılanda xurma xarab olmadan uzun müddət saxlanıla bilər. Məhsul isti və günəş şüasına birbaşa məruz qalmadan, sərin səraitdə saxlanılmalıdır. Ona görə də soyuducuda 0-10 dərəcə C-də hava keçirməyən, qapaqlı qablarda saxlamaq ən ideal üsuldur. Soyuq temperaturda zaman-zaman sərtləşə bilən xurmanın yumşalması üçün istehlakından 10-20 dəqiqə əvvəl soyuducudan çıxarılması kifayətdir. İstehlakdan əvvəl isə xurmanın mütləq yaxşı yuyulması tövsiyə olunur.

Sağlamlıq klubu 2022-04-12 11:32:00