×
A
A
A
Sazlamalar

Faydası sağlamlıq üçün daha əhəmiyyətli olan qida məhsulları birləşmələri

Bakı, 12 aprel, AZƏRTAC

Bəzi qida məhsullarının tam bəsləyici gücü yalnız müəyyən birləşmələrdə özünü büruzə verir.
Mütəxəssislər müxtəlif qida məhsullarını bacarıqla birləşdirməyi məsləhət görür və faydası sağlamlıq üçün daha əhəmiyyətli olan bu cür qida məhsulları birləşmələrini tövsiyə edirlər. AZƏRTAC tibbi saytlara istinadla qida məhsullarının faydalı birləşmələrindən bəhs edir.
Mərcanı ilə ət. Qırmızı giləmeyvələrdə olan C vitamini ətin tərkibində olan qiymətli dəmirin orqanizmdə daha yaxşı həzm edilməsinə köməklik edir. Diyetoloqlar deyirlər ki, ümumiyyətlə, dəmirlə zəngin olan qida məhsullarına hər zaman C vitamini – misal üçün onunla zəngin olan limon şirəsi və ya giləmeyvələri əlavə etmək lazımdır.
Qaragilə ilə sıyıq. Tafts Universitetinin məlumatına görə, yulaf C vitamini olan giləmeyvələr ilə birləşdirildikdə, qan damarları üçün zərərli olan və aterosklerozun inkişafına kömək edən "pis" LDL xolesterinin oksidləşməsinin effektiv şəkildə qarşısını alır.
Zirə ilə kələm. Adi kələm pəhrizə ən yaxşı əlavələrdən biridir: o, orqanizmi C, A, B, E, K vitaminləri, həmçinin minerallar - kalsium, maqnezium, dəmir ilə təmin edir. Bundan əlavə, qan təmizləyici və iltihab əleyhinə təsirə malikdir. Yeganə problem ondan ibarətdir ki, tərkibində yüksək miqdarda lif olan tərəvəzlər asanlıqla həzm olunmur və bağırsaq qıcıqlanmasına səbəb ola bilər. Öz növbəsində, zirə və ya razyana toxumları mədə şirəsinin istehsalını stimullaşdırır, bu da onların həzmini asanlaşdırır.
Tünd üzüm ilə alma. Bu birləşmədə onların ürək-damar sisteminin sağlamlığı üçün faydası daha əhəmiyyətli olur. Almada çox böyük miqdarda kvertsetin bitki maddəsi, tünd üzümdə isə katexin var. Hər iki flavonoidlər iltihab əleyhinə təsirə malikdirlər: onlar trombositlərin yapışmasına qarşı müqavimət göstərirlər və beləliklə də, ürək hücumları ehtimalı azalır.
Qara bibər ilə sarıkök. Sarıkökün əsas tərkib hissəsi olan kurkumin maddəsi iltihabı yatıra bilir ki, bunun da sayəsində yaşlanma prosesləri yavaşlanır və orqanizmin xərçəngə qarşı müdafiəsi güclənir. Bu təsir sarıkökü qara bibərlə birləşdirməklə gücləndirilə bilər: bibərin tərkib hissəsi olan piperin sarıkökün aktiv tərkib hissəsinin mənimsənilməsini dəfələrlə artırır.
Avokado pomidorla. Bu birləşmədə avokadonun tərkibindəki faydalı yağlar pomidorda olan xərçəng əleyhinə likopin maddəsinin daha yaxşı mənimsənilməsinə kömək edir.

Sağlamlıq klubu 2022-04-12 10:51:00