×
A
A
A
Sazlamalar

“Süni intellekt və data elmi” təlim layihəsinin seçim imtahanının nəticələri aprelin 15-dək açıqlanacaq

Bakı, 11 aprel, AZƏRTAC

Təhsil İnstitutu tərəfindən S.C.Pişəvəri adına Humanitar fənlər gimnaziyasında “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin dəstəyi ilə “Süni intellekt və data elmi” təlim layihəsinin seçim prosesinin ikinci mərhələsi olan seçim imtahanı təşkil edilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, ilkin müraciət edən 603 nəfər arasından layihənin iştirakçı meyarları profilinə daha uyğun gələn 279 namizəd seçim imtahanına dəvət olunub. Onlardan 226-sı seçim imtahanında iştirak edib. İmtahan sualları açıq və qapalı tipli olmaqla 16 sualdan ibarət olub. İmtahan 90 dəqiqə davam edib və hər hansı qayda pozuntusu qeydə alınmayıb.
İmtahan nəticələrinin aprelin 15-dək açıqlanması nəzərdə tutulur. Nəticələr namizədlərin qeydiyyat zamanı qeyd etdikləri elektron poçt ünvanlarına göndəriləcək. Beləliklə, namizədlər imtahan zamanı müəyyən olunmuş şəxsi imtahan kodları vasitəsilə öz nəticələrini əldə edə biləcəklər. Seçim imtahanından uğurla keçmiş namizədlər növbəti seçim mərhələsinə dəvət olunacaqlar.
Qeyd edək ki, “Süni intellekt və data elmi” intensiv təlim proqramı ölkəmizdə data analitikası sahəsində kadr potensialını artırmaq və əmək bazarının tələblərinə uyğun mütəxəssislər yetişdirmək məqsədilə Təhsil Nazirliyinin maliyyə dəstəyi ilə Təhsil İnstitutu tərəfindən həyata keçirilir. Layihə çərçivəsində data analitikasına marağı olan tələbələr və yeni məzunlar bu sahədə ekspert olan təlimçilər tərəfindən strukturlu və effektiv şəkildə praktiki təlimlər keçəcəklər və data elminin əsaslarını dərindən mənimsəyəcəklər.

Texnologiya 2022-04-11 18:23:00