Quba rayonunda tələbələr üçün hakaton təşkil ediləcək
Bakı, 11 aprel, AZƏRTAC
Aprelin 29-dan mayın 3-dək Təhsil İnstitutu və “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin birgə təşkilatçılığı ilə Quba rayonunda tələbələr üçün hakaton təşkil ediləcək.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, hakatonun keçirilməsində əsas məqsəd informasiya texnologiyaları sahəsində təhsil alan tələbələrin yarışma vasitəsilə bilik və bacarıqlarını artırmaq, eləcə də tələbələr arasında əməkdaşlıq, komanda quruculuğu kimi xüsusiyyətlərin gücləndirilməsidir. Hakatonda ali təhsil müəssisələrinin kompüter elmləri və kompüter mühəndisliyi, informasiya texnologiyaları, informasiya təhlükəsizliyi və əlaqəli ixtisaslarında təhsil alan III və IV kurs tələbələri və magistrantları iştirak edə bilərlər.
Hakatonda iştirak etmək istəyən tələbələr aprelin 20-dək https://anket.edu.az/link/181 linki vasitəsilə qeydiyyatdan keçməlidirlər. Yoxlama imtahanının aprelin 23-24-də Bakı şəhərində keçirilməsi nəzərdə tutulur. Hakaton iştirakçıları bəkend, front-end, verilənlər bazası və windows ƏS üzrə sistem inzibatçılığı istiqamətlərində öncədən keçiriləcək imtahan əsasında seçiləcəklər. Müraciət zamanı qeydiyyatdan keçən şəxslər qeyd olunan 4 istiqamətdən birini seçə bilərlər.
Tələbələr fərdi şəkildə qeydiyyatdan keçməlidirlər. İmtahanı uğurla verən iştirakçılar hakatonda qruplara bölünəcək. Beş gün ərzində iştirakçı komandalara ümumi tapşırıq veriləcək və qiymətləndirmə yekunda tapşırığı yerinə yetirmə dərəcəsinə görə müəyyənləşdiriləcək. Hakatonun daha ətraflı yarışma qaydaları və qiymətləndirmə meyarları yekun iştirakçılara təqdim olunacaq.
Qalib komanda mükafatlandırılacaq.
Süni intellekt texnologiyalarının iqtisadiyyata transformasiyası problemləri tədqiq olunur
Kvant mexanizmi ilə beyin funksiyalarını sərgiləyən süni zəka modeli yaradılıb
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
Kibertəhlükəsizlikdə sıçrayış: yeni şifrələmə sistemi kompüteri casus proqramlarından qoruyur
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib