×
A
A
A
Sazlamalar

Qazlı suları qazı çıxarılmış formada qəbul etmək daha yaxşıdır

Bakı, 11 aprel, AZƏRTAC

Qazlı sulardan həzm prosesini sürətləndirmək, xoşbəxtlik hormonunu artırmaq və orqanizmin enerji deposunu yüksəltmək üçün istifadə edilir. Mütəxəssislərin apardıqları araşdırmalar nəticəsində məlum olub ki, həftə ərzində 4-5 butulkadan çox keyfiyyətsiz qazlı içmək insanlarda asılılığın yaranmasına səbəb olur. Həmin içkilərin tərkibində olan limon turşusu mədənin fəaliyyətinə mənfi təsir göstərməklə yanaşı, mədə xorası və digər xəstəliklərin yaranmasına gətirib çıxarır.
AZƏRTAC xəbər verir ki, həkim-endokrinoloq Lamiyə Həbibbəyli deyib: “1 litrlik şirin içkilərdə 20-30 xörək qaşığı şəkər olur və bu qədər şəkər orqanizmdə piy toxumasına çevrilərək əsasən göbək ətrafına və bud-qalça nahiyəsinə yığışır. Nəticədə piylənmə əmələ gəlir, bu isə ürək və diabet xəstəliklərinin yaranmasına aparıb çıxarır”.
Həkimlər həmin içkilərin əvəzinə orqanizmə xeyirli olan təbii süfrə suyunun qəbulunu məsləhət görürlər. Natriumla zəngin təbii süfrə suları təzyiqi aşağı olanlara müsbət təsir göstərir. Təzyiqi yuxarı olanlar isə ona limon əlavə edərək içə bilərlər. Həkim-endokrinoloqun dediyinə görə, həmin suların tərkibi kalium, maqnezium, natrium, kükürd, dəmir və başqa elementlərlə zəngindir: “Mədə turşuluğu az olanlarda onu artırmaq məqsədilə yeməkdən qabaq, mədə turşusu artıq olanlarda isə yeməkdən 40 dəqiqə-1 saat sonra qəbul etmək olar. Yaxşı olar ki, qazlı su içkiləri qazı çıxarılmış formada qəbul edilsin”.
Araşdırmalar nəticəsində məlum olub ki, şüşə qablarda olan mineral sular tərkibini itirmir. Həmin şüşə qabların daha çox tünd rəngdə olması qazlı suyun tərkibini itirməsini minimuma endirir: “Plastmas qablarda olan sulardan uzaq olmaq lazımdır, çünki plastmas istehsalında tərkibinə müxtəlif zərərli maddələr vurulduqda onlar kiçik dozalarda da olsa, zərərli toksinlər orqanizmə daxil olur”.
Hər gün istifadə olunan qazlı suyun xeyirli və zərərli tərəflərini öyrənəndən sonra mütəxəssislər həmin mineral suları yalnız yeməkdən sonra həzm prosesini yaxşılaşdırmaq üçün istifadəsini tövsiyə edirlər.

Sağlamlıq klubu 2022-04-11 15:55:00