×
A
A
A
Sazlamalar

Xərçəngdən qoruyan qidalar

Bakı, 9 aprel, AZƏRTAC
Çiy qida məhsulları, ilk növbədə meyvə və tərəvəzlər, orqanizmi xərçəngə qarşı müdafiə etmək xüsusiyyətinə malikdir.
AZƏRTAC “MedikForum”a istinadla xərçəngdən qoruya bilən və ya şişlərin böyüməsini əhəmiyyətli dərəcədə zəiflədə bilən məhsullar haqqında bəhs edir.
Göbələk prostat xərçənginin gedişatını yavaşlada bilir. Göbələyin tərkibində şişlərin böyüməsinə səbəb olan xüsusi kişi hormonunun təsirini üstələyən unikal maddə var. Hesab olunur ki, ağ göbələk və şampinyonun tərkibində prostat xərçənginin inkişafına mane ola biləcək birləşmələr var.
Çili bibəri ağciyər xərçəngi ilə mübarizə aparmağa kömək edir. Ağciyər xərçəngi bütün dünyada xərçəng ölümünün əsas səbəblərindən biri hesab olunur, o həm də çox hiyləgərdir, çünki çox vaxt nəzarətsiz olaraq digər orqanlara, beyinə, sümüklərə, qaraciyərə yayılır. Tədqiqatçılar ehtimal edirlər ki, çili bibərinin tərkibində olan kapsaitsin sağlam bədən hüceyrələrinin ağciyər xərçəng hüceyrələri ilə yoluxmasının qarşısını almağa kömək edir. Bunu göstərən tədqiqatlar laboratoriyada yetişdirilən insan hüceyrələri və ağciyər xərçəngi hüceyrələri üzərində aparılıb.
Faydalı soğanlılar: kəvər, soğan, sarımsaq bədənin xərçəngdən qorunmasını yaxşılaşdıra biləcək bəzi ümumi xüsusiyyətlərə malikdir. Sarımsaq, soğan, kəvəri həvəslə istifadə edənlərin mədə xərçənginin inkişafına daha az meyilli olduqlarına dair məlumatlar var. Sarımsaq alimlər tərəfindən prostat xərçəngi riskini azaldan bir məhsul kimi qəbul edilir. Kanadalı tədqiqatçılar, həmçinin müəyyən ediblər ki, əsasən qırmızı soğanda olan flavonoid kvertsetin qalın bağırsaq və süd vəzisi xərçəngi hüceyrələrini məhv etməyə qadirdir.
Qəhvə prostat xərçənginə qarşı müdafiəni gücləndirir. “American Cancer Society”nin məlumatına görə, kofein həvəskarları olan kişilərdə prostat xərçənginin inkişafı riski on faiz azdır. Bundan əlavə, prostat xərçəngi vaxtında müalicə olunmamış xəstələrdə gündəlik qəhvə istehlakı onların sağqalma şansını artırır.
Darçın xərçəng hüceyrələri ilə mübarizə aparır. Həkimlər qəhvəyə bir çimdik darçın səpməyi məsləhət görürlər. Sınaq şüşəsində aparılan bir neçə tədqiqatın nəticəsində məlum olub ki, ədviyyatın tərkibində olan darçın aldehidi yağı şişin böyüməsini dayandırmaq qabiliyyətinə malikdir. Bununla belə, darçının xüsusiyyətləri ilə bağlı əlavə elmi araşdırmalara ehtiyac var.
Brokkoli bağırsaq xərçənginin qarşısını alır. Brokkolinin tərkibində şiş hüceyrələrini məhv edə bilən və artıq əmələ gəlmiş şişlərin ölçülərini azalda bilən sulforafan adlı birləşmə var (bunu sınaq şüşəsində aparılan tədqiqatlar göstərib). Brokkoli və digər xaççiçəkli tərəvəzlərinin müntəzəm qəbulu (hətta həftədə bir-iki dəfə) qalın bağırsaq və süd vəzisi xərçənginin inkişaf ehtimalını azaltmağa kömək edir.
Zeytun yağı kolorektal xərçəngə meyilliliyi azaldır. Zeytun yağının tərkibindəki oleokantal maddəsi xərçəng hüceyrələrinə açıq-aşkar zəhərli təsir edə bilər. Belə yağın ənənəvi olaraq tez-tez istehlak edildiyi bölgələrdə xərçəngə (xüsusilə də kolorektal xərçəng) tutulma halları nəzərəçarpacaq dərəcədə aşağıdır.
Pomidor ağciyərləri qoruyur, kişilər üçün faydalıdır. Pomidorun qəbulu nə vaxtsa siqaret çəkib onu tərgidənlərin ağciyərlərini bərpa etməyə, həmçinin müxtəlif növ xərçəng riskini azaltmağa kömək edir. Məhsulun xərçəng əleyhinə təsiri onun komponenti olan antioksidant likopenin təsiri ilə izah edilir. Loma Linda Universitetinin məlumatına görə, həftədə beş dəfə pomidor qəbul edən kişilərdə bu məhsulu sevməyən və yeməyənlərə nisbətən prostat xərçənginə tutulma riski üçdə bir azdır.

Sağlamlıq klubu 2022-04-09 14:01:00