×
A
A
A
Sazlamalar

Azərbaycanın və Gürcüstanın dini qurumları arasında əməkdaşlığın perspektivləri müzakirə olunub

Tbilisi, 8 aprel, AZƏRTAC

Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev bu ölkənin Dini Məsələlər üzrə Dövlət Agentliyinin sədri Zaza Vaşakmadze ilə görüşüb.
Səfirlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə iki ölkənin dini qurumları arasında münasibətlər müzakirə olunub.
Gürcüstanın Dini Məsələlər üzrə Dövlət Agentliyi ilə Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK), Gürcüstanın Ruhani Akademiyası və Azərbaycanın İlahiyyat İnstitutu arasında əməkdaşlıq haqqında müvafiq sənədlərin imzalanması məsələsi nəzərdən keçirilib.
F.Quliyev bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Qaribaşvili arasındakı dostluq münasibətləri çox mühüm əhəmiyyət kəsb edir. Bu münasibətlər digər sahələrdə, xüsusən də dövlət qurumları arasında əməkdaşlığın daha da dərinləşməsi üçün möhkəm zəmin yaradır.
Söhbət zamanı Zaza Vaşakmadzenin keçən il Azərbaycana səfərindən məmnunluq ifadə olunub, eyni zamanda, yaxın zamanlarda DQİDK sədri Mübariz Qurbanlının Gürcüstana səfəri ilə bağlı fikir mübadiləsi aparılıb.
Görüşdə Azərbaycanın Gürcüstandakı səfirliyinin məsul əməkdaşları Anar Rəsulov, Ramel Lətifov və gürcü din xadimləri iştirak ediblər.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

Din 2022-04-08 17:53:00