×
A
A
A
Sazlamalar

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə beynəlxalq mükafat təqdim olunub

Bakı, 7 aprel, AZƏRTAC

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “AzInTelecom” MMC-yə Beynəlxalq Telekommunikasiya İttifaqının “WSIS Prizes-2021” mükafatı təqdim edilib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, təqdimat Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasının İsveçrənin Cenevrə şəhərində keçirilən iclası çərçivəsində baş tutub.
Qeyd edək ki, “AzInTelecom” MMC və Şamaxı Rayon İcra Hakimiyyətinin hazırladığı “Vətəndaşların elektron müraciət portalı – www.e-qebul.az” layihəsi ötən il Beynəlxalq Telekommunikasiya İttifaqının “İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammiti – 2021 Mükafatları” (WSIS Prizes-2021) müsabiqəsinin mükafatına layiq görülüb. İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammiti Forumu virtual keçirildiyindən mükafatın təqdim edilməsi mümkün olmayıb.
Layihəni Şamaxı Rayon İcra Hakimiyyətinin təklifləri əsasında “AzInTelecom” MMC vətəndaşlar və dövlət qurumları arasında münasibətlərdəki problemlərin həlli məqsədilə hazırlayıb. Portal vətəndaşlara dövlət qurumlarına fiziki olaraq getmədən onlayn şəkildə müraciət etmək imkanı verir.
Müsabiqəyə Azərbaycanla yanaşı, müxtəlif ölkələrdən 1270 elektron layihə təqdim olunub. Ekspertlər qrupunun rəyi əsasında onlardan 360-sı müsabiqədə iştirak edib.
Qalib layihələr 18 nominasiya üzrə onlayn səsvermə nəticəsində müəyyənləşib. Səsvermədə dünya üzrə 1,3 milyondan artıq insan iştirak edib.
“Vətəndaşların elektron müraciət portalı” müsabiqədə “E-hökumət” kateqoriyası üzrə qalib olub.

İKT 2022-04-07 19:02:00